SİYASƏT
“The Japan Times” qəzetində Azərbaycanda Prezident seçkilərinə həsr edilmiş məqalə dərc olunmuşdur VİDEO
Tokio, 26 noyabr (AZƏRTAC). Yaponiyanın nüfuzlu, ölkədə çalışan diplomatik korpus və iş adamları üçün nəşr edilən “The Japan Times” qəzetində “2013 Presidential Elections in Azerbaijan” (“Azərbaycanda 2013-cü il Prezident seçkiləri”) adlı məqalə dərc edilmişdir.
Məqalənin müəllifi ölkəmizin Yaponiyadakı səfir Gürsel İsmayılzadə yazır ki, oktyabrın 9-da Azərbaycanda seçkilər açıq və ədalətli keçirilmişdir. Azərbaycan xalqı sərbəst səs hüququnu ifadə edərək, sandıq başına gəlmiş və böyük əksəriyyət Prezident İlham Əliyevin namizədliyini dəstəkləmişdir. 2013-cü il seçkiləri ölkəmizin demokratik cəmiyyətin gücləndirilməsi istiqamətində atdığı tarixi bir addımdır.
Məqalədə qeyd edilir ki, seçicilərin fəallığı ilə seçilən seçkilərdə bütün ölkə üzrə 5,15 milyon seçicinin 72 faizi iştirak etmişdir. Bildirilir ki, seçki prosesini 100 ölkədən və 50 beynəlxalq təşkilatdan 1400 müşahidəçi izləmişdir. Seçkilərin yüksək texniki təminatını vurğulayan səfir, seçki məntəqələrində min ədəd vebkameranın quraşdırıldığını xüsusi vurğulamışdır.
Qeyd olunur ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentindən olan müşahidəçilər Azərbaycanın tərəqqisini qeyd edərək, seçkilərin azad, ədalətli və şəffaf keçdiyini bildirmişlər. Həmin təşkilatlar seçkiləri peşəkar və dinc seçki günü kimi xarakterizə etmişlər.
Məqalədə vurğulanır ki, Azərbaycan sabit inkişaf edən iqtisadiyyatı və sabit siyasi sistemi ilə sürətlə inkişaf edən gənc demokratiyadır. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldiyi vaxtdan davamlı iqtisadi artım və yeni iş yerlərinin yaradılması istiqamətində ardıcıl iş aparır. Adambaşına düşən ümumi daxili məhsul 1990-cı ildəki 346 ABŞ dollarından 2012-ci ildə 7490 dollara çatmışdır. Azərbaycan regional liderə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrilmişdir.
Ölkəmizin dünyanın enerji təhlükəsizliyində mühüm rolundan danışan müəllif Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu ( TANAP) və Trans-Adriatik ( TAP) qaz kəmərləri haqqında oxuculara ətraflı məlumat verir.
Müəllif Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın dini tolerantlıq ənənələrini qoruyub saxlaması, burada müxtəlif dinlərin və fəlsəfələrin dinc yanaşı yaşaması barədə də danışır.
Azərbaycanın beynəlxalq səhnənin əsas aktorları ilə normal əlaqələr saxladığını qeyd edən səfir, ölkənin daim dəyişən beynəlxalq mühitə uğurla adaptasiya olunduğunu, cəmi 22 il bundan əvvəl müstəqilliyini bərpa etməsinə baxmayaraq, regionun lider dövlətinə çevrildiyini xüsusi vurğulayır. Qeyd edir ki, 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bunun bariz nümunəsidir.
Məqalədə qeyd edilir ki, son illərdə Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin, artıq ənənəyə çevrilmiş Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. 2015-ci ildə isə ölkəmiz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.
Məqalə Prezident İlham Əliyevin son çıxışlarından birində dediyi,- “Azərbaycan demokratik ölkə kimi uğurlu inkişafını davam etdirəcəkdir” sözləri ilə başa çatır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio