MƏDƏNİYYƏT
AZƏRBAYCAN DUETİ “EUROVİSİON-2009”DA ÜÇÜNCÜ YERİ TUTMUŞDUR
Bakı, 18 may (AZƏRTAC). “Eurovision-2009” mahnı müsabiqəsində
Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Araş “Always” mahnısı ilə yarışın üçüncüsü olmuşlar.
Mayın 16-da Moskvada keçirilmiş final mərhələsində 25 ölkənin təmsilçisi mübarizə aparmışdır. Sonda səsvermə nəticəsində Norveç təmsilçisi Aleksandr Rıbak “Fairytale” mahnısı ilə qalib olmuşdur. İkinci yeri isə İslandiya təmsilçisi tutmuşdur.
Səsvermədə Avropanın 41 ölkəsinin əksəriyyətindən Azərbaycan duetinə xallar verilmişdir. Aysel və Araş duetinə Türkiyə 12, Belarus, Çexiya, Ukrayna, Niderland, Xorvatiya, Moldova, Macarıstan və Norveç 10, İsveç, Bolqarıstan, Yunanıstan, Kipr və Danimarka 8, Rusiya və Estoniya 7, İsrail, Çernoqoriya və Polşa 6, Litva 5, Latviya, Slovakiya, Albaniya, Serbiya və Rumıniya 4, Belçika, Böyük Britaniya, Makedoniya, Bosniya və Herseqovina 3, Finlandiya 2, Malta, Fransa, Sloveniya və Ermənistan 1 xal vermişlər.
######