Riad Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı şəhərinin inkişaf potensialı böyükdür. Bu potensialın reallaşdırılması üçün daşınmaz əmlak bazarına cəlb olunan investorların və investisiyaların düzgün istiqamətləndirilməsi, şəhərin müxtəlif ərazilərində həyata keçirilən layihələrin uzunmüddətli inkişaf perspektivlərinin nəzərə alınması vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” adlı paneldə çıxışı zamanı deyib.
“Bakı Ağ Şəhər” layihəsində də müşahidə olunduğu kimi, paytaxtın müxtəlif ərazilərində yeni inkişaf zonalarının yaradılması üçün geniş imkanlar mövcuddur. Bununla belə, investorların cəlb edilməsi ilə yanaşı, onlara həmin ərazilərin real potensialını göstərmək, uğurlu layihələri nümunə kimi təqdim etmək və inkişaf üçün əlverişli məkanları düzgün müəyyənləşdirmək lazımdır. Şəhərsalma layihələrinin həyata keçirilməsində əsas prioritet sakinlərin rahat və komfortlu yaşayışının təmin olunmasıdır. Yeni yaradılan ərazilər və şəhər submərkəzləri insanların gündəlik ehtiyaclarını qarşılamaq üçün zəruri infrastruktura malik olmalıdır. Sakinlər yaşadıqları ərazidə bütün əsas xidmətlərdən istifadə edə bilməli, gündəlik olaraq şəhər mərkəzinə gedib-gəlmək zərurəti ilə üzləşməməlidirlər. Əhalinin gündəlik olaraq şəhər mərkəzinə və geriyə hərəkətinin artması nəqliyyat sisteminə əlavə yük yaradır və şəhərdaxili hərəkətdə gərginliyi artırır. Buna görə də yeni yaşayış və iş mərkəzlərinin düzgün planlaşdırılması, sosial və nəqliyyat infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə idarə rəisi vurğulayıb.
Riad Qasımov vurğulayıb ki, düzgün ərazilərdə məqsədyönlü investisiyaların yatırılması və müasir şəhərsalma layihələrinin həyata keçirilməsi Bakının gələcək inkişafının əsas istiqamətlərindəndir: “Polisentik şəhərsalma yanaşması paytaxtın daha balanslı, rahat və dayanıqlı inkişafına, sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək”.