Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız yaşayış binalarının və infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Əsas məqsəd insanların bu ərazilərə müvəqqəti istirahət üçün deyil, daimi yaşamaq və fəaliyyət göstərmək üçün qayıtmasını təmin etməkdir. Dayanıqlı məskunlaşmanın formalaşdırılması qarşıda duran əsas çağırışlardan biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” adlı paneldə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, daşınmaz əmlak anlayışına yalnız yaşayış evləri və mənzillər daxil deyil.
“Bu anlayışa hotellər, logistika mərkəzləri, konqres mərkəzləri və yeni iş yerlərinin yaradılmasına xidmət edən digər obyektlər də daxildir. Belə obyektlər ərazilərin iqtisadi fəallığının artırılması və insanların daimi məskunlaşması üçün mühüm əhəmiyyət daşıyır. Tarixi məkanlar, abidələr və yeni muzeylər də daşınmaz əmlakın mühüm tərkib hissəsi olmaqla yanaşı, böyük rəmzi məna daşıyır. Hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti tərəfindən Zəfər və İşğal muzeylərini əhatə edən geniş muzeylər sisteminin yaradılması istiqamətində işlər aparılır. Qarabağın hər bir şəhərində işğal tarixini və Zəfəri əks etdirən böyük komplekslərin yaradılması nəzərdə tutulur. Qarabağ Dirçəliş Fondu da bu layihənin maliyyələşdirilməsində iştirak edir. Dağıdılmış bəzi yaşayış evlərinin konservasiyası və muzey komplekslərinin tərkibinə daxil edilməsi də nəzərdə tutulan yanaşmalardandır. Bu, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə Rəhman Hacıyev vurğulayıb.
Fondunun İdarə Heyətinin sədri vurğulayıb ki, yenidənqurma əvvəlki tikililərin olduğu kimi bərpası demək deyil: “Əksinə, Qarabağ və Şərqi Zəngəzurda müasir standartlara əsaslanan, əvvəlkindən daha yüksəkkeyfiyyətli yaşayış, infrastruktur mühitinin yaradılması hədəflənir”.