AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində dünyaşöhrətli fotoqraf Reza Deqatinin “Odun zərifliyi” və “Günahsızların qətliamı” adlı kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimləri və ziyalıların iştirak etdiyi tədbirdə Reza Deqatinin yaradıcılığına və fotoqraf kimi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Reza Deqatinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm xidmətlərindən danışıb. Akademik İsa Həbibbəyli bildirib ki, Reza Deqatinin Azərbaycanla bağlı fəaliyyəti 1997-ci ildən başlayır. Həmin dövrdən etibarən fotoqraf ölkəmizin ən çətin günlərində baş verən hadisələri, xalqımızın üzləşdiyi faciələri və Qarabağ həqiqətlərini fotoobyektivinə köçürərək dünya ictimaiyyətinə təqdim edib.
Qeyd olunub ki, Reza Deqati 1998-ci ildə Qarabağa səfərləri zamanı şahidi olduğu hadisələri fotoşəkillər vasitəsilə sənədləşdirib, həmin görüntüləri tarixi yaddaşın mühüm nümunələrinə çevirib. Onun fotolarında müharibənin insan talelərində buraxdığı izlər, bölgənin yaşadığı faciələr və tarixi reallıqlar obyektiv şəkildə əksini tapıb.
İsa Həbibbəyli vurğulayıb ki, fotoqrafın əsərləri dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransada, Almaniyada, Əfqanıstanda, Afrikada, Nyu-Yorkda və Birləşmiş Millətlər Təşkilatında nümayiş etdirilib. Bu sərgilər vasitəsilə beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətləri ilə Reza Deqatinin fotoobyektivi vasitəsilə tanış olmaq imkanı qazanıb.
Akademik diqqətə çatdırıb ki, fotoqraf bəzən həyatını riskə ataraq Qarabağda baş verən hadisələri lentə alıb. Onun əsərləri erməni təbliğatının yaydığı yalanların ifşasında, həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. AMEA prezidenti Reza Deqatinin fəaliyyətini yüksək qiymətləndirərək onu Azərbaycanın fotoşəkillərlə danışan dili, görən gözü kimi səciyyələndirib. Bildirib ki, fotoqrafın yaradıcılığında Azərbaycan xalqının tarixi, Qarabağın keçmişi, müharibənin ağrıları və milli yaddaşımız mühüm yer tutur.
İsa Həbibbəyli, həmçinin Reza Deqatinin Heydər Əliyev Fondu ilə əməkdaşlığından söz açıb. Qeyd edib ki, fotoqraf Fondun həyata keçirdiyi layihələrdə, xüsusilə Qarabağ mövzusunun beynəlxalq miqyasda tanıdılması istiqamətində fəal iştirak edib. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr çərçivəsində onun çəkdiyi fotolar Azərbaycan mədəniyyətinin, tarixinin və Qarabağ həqiqətlərinin dünyaya təqdim olunmasına töhfə verib.
Təqdim olunan kitablar Reza Deqatinin fotoqrafiya sənətindəki zəngin yaradıcılıq yolunu, müxtəlif tarixi hadisələrə və insan talelərinə fotoqraf baxışını əks etdirən nəşrlər kimi diqqət çəkib. Bildirilib ki, Reza Deqatinin yaradıcılığı yalnız hadisələrin vizual təsviri ilə məhdudlaşmır. Onun fotoları insan talelərini, müharibənin doğurduğu faciələri, tarixi ədalət axtarışını və xalqların yaddaşında yaşayan ağrıları əks etdirən sənədli salnamədir. Bu baxımdan təqdim olunan kitablar da fotoqrafın uzun illər ərzində topladığı müşahidələrin və sənədləşdirdiyi tarixi məqamların oxuculara çatdırılması baxımından əhəmiyyətlidir.
Akademik İsa Həbibbəyli Reza Deqatinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərə görə ona minnətdarlığını bildirib, fotoqrafın yaradıcılığının tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda akademik İsa Həbibbəyli Reza Deqatini Azərbaycan Milli Elmlər Akademiyasının döş nişanı ilə təltif edib.