Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu tarixi gələcək nəsillərə ötürməlidirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində dünyaşöhrətli fotoqraf Reza Deqati bildirib. Fotoqraf vurğulayıb ki, xüsusilə gənclərə Qarabağın müharibədənəvvəlki vəziyyəti, işğal dövründə yaşananlar və Azərbaycanın keçdiyi tarixi yol əyani şəkildə çatdırılmalıdır. Onun sözlərinə görə, gənc nəsil öz tarixini, torpaqlarımızda baş verən hadisələri dərindən bilməli və unutmamalıdır. Çünki tarixini unudan xalq gələcəyini də itirmək təhlükəsi ilə üzləşir.
Reza Deqati bildirib ki, bu istiqamətdə əsas təşəbbüslərindən biri Azərbaycanda foto məktəbinin yaradılmasıdır. O, uzun illər ərzində qazandığı təcrübəni gənc azərbaycanlılarla bölüşmək, onları foto sənətinin incəliklərinə yiyələndirmək niyyətindədir.
Onun sözlərinə görə, digər planı isə gəncləri əhatə edən fotomüsabiqələr təşkil etməkdir. Bu müsabiqələr çərçivəsində iştirakçılara müxtəlif mövzularda fotosüjetlər hazırlamaq imkanı yaradılacaq. Beləliklə, gənclər həm foto sənətinə maraq göstərəcək, həm də ölkənin tarixini, mədəniyyətini və Zəfər salnaməsini öz baxış bucaqlarından əks etdirəcəklər.
O əlavə edib ki, bu cür təşəbbüslər fotoqrafiyaya marağı artırmaqla yanaşı, Azərbaycanın tarixi yaddaşının qorunmasına və gələcək nəsillərə çatdırılmasına da xidmət edəcək.