Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Daşkənd Oriental Universitetində yazıçı Güllü Məmmədovanın “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” adlı tarixi-sənədli romanının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Əsərdə qədim Azərbaycan torpağı olan İrəvanın tarixi taleyi, müxtəlif dövrlərdə azərbaycanlıların öz qədim yurd yerlərindən qovulması və bölgənin tarixi irsi işıqlandırılır.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Qərbi Azərbaycandan deportasiya və yurd həsrəti mövzusuna həsr olunmuş fotosərgi təşkil edilib. Sərgidə Qərbi Azərbaycanın tarixi-mədəni irsini və deportasiya ilə bağlı həqiqətləri əks etdirən fotoşəkillər nümayiş olunub.
Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək, qədim Azərbaycan torpağı olan İrəvanın tarixən azərbaycanlıların yaşadıqları mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu bildirib. Qeyd edib ki, 1905–1906-cı, 1918–1920-ci, 1948–1953-cü və 1988–1991-ci illərdə baş verən deportasiyalar nəticəsində Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar doğma ata-baba yurdlarından zorla didərgin salınıblar.
O vurğulayıb ki, həmin tarixi yaddaş və yaşanmış talelər əsərin ideya məzmununda da öz əksini tapıb. A.Marifli əsərin özbək dilinə tərcümə edilərək nəşr olunmasının Azərbaycan xalqının tarixi-mədəni irsinin və milli kimliyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Həmçinin belə nəşrlərin Azərbaycan və Özbəkistan xalqları arasında qədimdən formalaşmış mədəni-humanitar münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.
Oriental Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Nozimjon Mamataxunov nəşrin Azərbaycan mədəni irsinin öyrənilməsi və bu istiqamətdə elmi araşdırmaların aparılması, eləcə də tələbə və tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd edib.
Tədbirdə, həmçinin Oriental Universitetinin elmi işlər və innovasiyalar üzrə prorektoru, professor Malika Nosirova, ali təhsil ocağının gənclərlə iş və mənəvi-maarifçilik işləri üzrə birinci prorektoru Baxtiyor Arabov, Özbəkistan Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folklorşünaslığı institutunun nümayəndəsi, professor Ulug‘bek Hamdam, filologiya üzrə fəlsəfə doktoru, Xaqani Şirvani adına Türkologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru, dosent Marufcan Dostmurodov, tərcüməçi-publisist Pirmuhammad Xolmatov, eləcə də universitetin doktorantları və tələbələri çıxış ediblər. Çıxışlarda əsərin mövzusunun aktuallığı, tarixi yaddaşın qorunmasının vacibliyi və romanın özbək dilində nəşrinin oxucular üçün əhəmiyyəti qeyd olunub.
Yazıçı Güllü Məmmədova romanın yaranma tarixi və ideya məzmunu, qədim Azərbaycan yurdu İrəvanın tarixi, əsərdə əks olunan talelər, eləcə də kitabın özbək dilində nəşrinin əhəmiyyəti barədə məlumat verib. Müəllif tədbirdə iştirakçılarının suallarını cavablandırıb.
Təqdimat mərasimində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” Rəqs Ansamblı tərəfindən Zəngəzurun tarixi-mədəni irsini yaşadan “Zəngəzur yallısı” təqdim olunub.
Mərasim yazıçı Güllü Məmmədovanın tədbir iştirakçıları üçün kitablarını imzalaması ilə başa çatıb.