İQTİSADİYYAT
52 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar "BakıKart" sisteminə keçib
Bakı, 14 fevral, Elvin Camalov, AZƏRTAC
52 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar "BakıKart" sisteminə keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə görülən işlər nəticəsində daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsilə həyata keçiriləcək. Belə ki, fevralın 17-dən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.
52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri işlərin görülməsi təmin edilib.
Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsilə həyata keçirilir.