SİYASƏT
Vaşinqtonda “İran və onun qonşuları: nüvə sazişinin ABŞ-ın regionda siyasəti üçün nəticələri” mövzusunda forum keçirilib VİDEO
Forumun işini Vudro Uilson adına Beynəlxalq Mərkəzin Yaxın Şərq proqramının direktoru Hale Esfandiari açıb. Sonra ABŞ-ın Çexoslovakiyada və Venesuelada sabiq səfiri Uilyam Luers, ABŞ-ın İsraildə, Rusiyada, Hindistanda, Salvadorda, Nigeriyada və İordaniyada sabiq səfiri Tomas Pikerinq, ABŞ-ın Hindistanda sabiq səfiri Frenk Uisner, ABŞ Milli Kəşfiyyat Sisteminin sabiq əməkdaşı Pol Pillar və Nyu-York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Barnet Rubin öz arqumentlərini təqdim ediblər. Bu şəxslər hamısı Vudro Uilson Mərkəzi tərəfindən 2002-ci ildən həyata keçirilən və İran ilə ABŞ arasında problemlərin həllinin diplomatik yollarını tapmaq üçün nəzərdə tutulan “İran layihəsi”nin iştirakçılarıdır.
Çıxış edənlər vurğulayıblar ki, ABŞ-ın bu regiondakı strategiyası bölgənin bütün ölkələrini əhatə etməlidir. Yaxın Şərq və Cənubi Asiya ölkələrinin enerji siyasəti, habelə qondarma “İraq-Şam İslam Dövləti”nin yaranması və bölgədə döyüş əməliyyatları ilə əlaqədar vəziyyət də müzakirə olunub.
AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin həyata keçirilməsi, İsrailin idxal etdiyi neftin 40 faizinin Azərbaycandan nəql olunması, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sanballı töhfə verəcək Cənub Qaz Dəhlizi layihəsinin icrasına başlanması faktlarını qeyd edərək ABŞ-ın regionda siyasəti üçün Azərbaycanın əhəmiyyəti barədə sual verib. Bu sualı cavablandıran səfir Tomas Pikerinq qeyd edib ki, müxbirin sualında sadalanan faktlar özləri Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün alternativ tərəfdaş kimi əhəmiyyətini göstərir.
Tədbirdə Vaşinqtonun müxtəlif elmi-tədqiqat mərkəzlərini və universitetlərinin nümayəndələri iştirak edirdi.