İDMAN
Azərbaycanın qadın xokkeyçiləri Fransa yığmasına qalib gəliblər
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycanın qadın otüstü xokkeyçilərindən ibarət millisi Dünya Xokkey Liqasının ikinci mərhələsində növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Uruqvayın paytaxtı Montevideoda təşkil olunan yarışda “B” qrupunda millimiz Fransa yığması ilə qarşılaşıb. Görüş xokkeyçi qızlarımızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə millimiz Trinidad-Tobaqo kollektivinə 5:1 hesabı ilə qalib gəlib.
Baş məşqçi Adil Paşayevin yetirmələri növbəti oyunu fevralın 17-də Keniya komandasına qarşı keçirəcəklər.
Turnirin finalçıları Dünya Xokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. Uruqvayda üçüncü yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Martda Dehli və Dublində keçiriləcək analoji yarışların yekununda isə üçüncü yeri tutan komandalar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.