CƏMİYYƏT
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində iyulun 22-də milli mətbuatın 140 illiyi ilə əlaqədar tədbir keçirilib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov milli mətbuatımızın yubileyi münasibətilə jurnalistləri təbrik edib, ölkəmizdə bu şərəfli peşə sahiblərinə dövlət qayğısından söz açıb. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyev mətbuata çox böyük diqqət və qayğı göstərib. Ulu Öndərin bu qayğısı yalnız müstəqillik illərində deyil, eyni zamanda, sovet dövründə də Azərbaycana rəhbərlik etdiyi zaman açıq-aşkar hiss olunub. Bu qayğının nəticəsidir ki, Ulu Öndər Azərbaycan mətbuatının dostu kimi jurnalistlər tərəfindən yüksək ada layiq görülüb və ümummilli lider Heydər Əliyev də həmin adı alarkən bu adı yüksək dəyərləndirdiyini qeyd edib. Bu gün də Prezident İlham Əliyev mətbuata diqqət və qayğını ön planda saxlayıb.
B. Əsgərov milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq şərəfli yol keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu qeyd edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin problemlərin həlli istiqamətində vacib addımların atıldığı, Azərbaycan Konstitusiyasında mətbuat azadlığının təsbit olunduğu xatırlanıb, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına ödənildiyi diqqətə çatdırılıb.