REGİONLAR
Xaçmaz sakininin qeyri-adi evi VİDEO
Xaçmaz, 1 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Nabran kənd sakini 60 min boş butulkadan istifadə edərək özünə qeyri-adi ev tikib.
AZƏRTAC xəbər verir ki, hamının diqqətini çəkən bu ev kənd sakini 75 yaşlı Baləhməd Xanbabayevə məxsusdur. Üç otaq, mətbəx və sanitar qovşaqdan ibarət evin tikintisində yalnız rəngli şüşələrdən istifadə olunub.
Baləhməd Xanbabayev unikal evin inşasına 4 il vaxt sərf edib. Evin layihəsi də özünə məxsusdur. Dediyinə görə, tikinti materialı kimi istifadə etdiyi butulkaları yığmaq ona asan başa gəlməyib. Bu işdə ona azyaşlı uşaqlar və dostları kömək edib.
Tamamilə yaşıllıqla əhatə olunmuş butulka ev artıq Nabrana istirahətə gələn turistlərin diqqətini də özünə çəkib. Buranı seyr etməklə yanaşı, butulka evdə gecələmək istəyənlərə də tez-tez rast gəlinir. B.Xanbabayev müəyyən məbləğ müqabilində evini kirayə verərək, gəlir əldə etməyə başlayıb.
Baləhməd Xanbabayev evi ilə yanaşı, həyətindəki bütün yardımçı tikililəri də butulkadan inşa edib.
Qeyri-adi evin sahibi AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycanın başqa bölgələrində də butulka evlər var. Amma həmin evlərdə butulkadan tikinti materialı kimi çox az istifadə olunub. Onun inşa etdiyi ev isə tamamilə butulkalardan ibarətdir.
Baləhməd Xanbabayev indi daha unikal bir tikintini həyata keçirməyi planlaşdırır. O, yaxın günlərdə butulkadan istifadə etməklə çox böyük ölçülərə malik yolka quraşdırmaq üçün işə başlayacaq.