REGİONLAR
91 saylı Ucar seçki dairəsində 42 seçki məntəqəsi üzrə 389 nəfərin namizədliyi qeydə alınıb
Ucar, 20 noyabr, AZƏRTAC
91 saylı Ucar seçki dairəsində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri görülür.
Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dairə üzrə 42 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələri üzrə 43760 seçici daimi seçici siyahısına daxil edilib. Seçicilərin 648 nəfəri ilk dəfə səs verəcək. Ümumi seçicilərin 22030 nəfəri kişi, 21730 nəfəri isə qadındır. 100 yaşdan yuxarı bir seçici var.
Dairə üzrə bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 396 nəfər bildirişlə müraciət edib, bildirişlər təsdiq edilib və onlara namizədliklərinin qeydə alınması üçün imza vərəqləri verilib. İmza vərəqləri və ona əlavə olunan digər məlumatlar göstərilən müddətdə Dairə Seçki Komissiyasına təqdim edilib. Təqdim olunan sənədlər işçi qrupu tərəfindən araşdırılaraq rəy verilib və Dairə Seçki Komissiyasının qərarı ilə 389 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınan namizədlərdən 124 nəfəri qadındır. Habelə, namizədlərdən 150 nəfəri siyasi partiyalar tərəfindən, 239 nəfəri öz təşəbbüsü ilə irəli sürülmüş şəxslərdir.
Qarşıdakı seçkilərlə bağlı bütün seçki məntəqələri Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilən maddi-texniki avadanlıq, ləvazimat, təlimat və plakatlarla təmin edilib. Bütün seçki məntəqələri seçki prosesinə, eləcə də səsvermə gününə tam hazırdır.