CƏMİYYƏT
“ABAD” məhsullarının sərgisi keçirilib VİDEO
Bakı, 14 iyun, AZƏRTAC
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Daş Salnamə” Muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı “ABAD” məhsullarının sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, sərginin keçirilməsində məqsəd “ABAD”çı olaraq fəaliyyət göstərən ailələrin xalqımızın estetik baxışlarını, zövq və mənəvi dəyərlərini əks etdirən əl işlərini və “ABAD”çılar tərəfindən istehsal olunmuş qida məhsullarını nümayiş etdirmək, milli irsimizi daha geniş auditoriyaya çatdırmaqdır. O qeyd edib ki, “ABAD” publik hüquqi şəxs tərəfindən Azərbaycanda ailə təsərrüfatlarına dəstək göstərilir. Agentliyin sədri “ABAD”çıların sayının 250-dən çox olduğunu diqqətə çatdırıb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Tədbir konsert proqramı ilə davam etdirilib.