REGİONLAR
“ABAD”ın vasitəçiliyi ilə həyata keçirilən yeni layihə Şəki-Zaqatala bölgəsində sakinlərin əlavə gəlir qazanmasına imkan yaradır
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Balakəndə “ABAD” regional mərkəzinin vasitəçiliyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi çərçivəsində seçilmiş ailələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev layihənin rayonun əhatə dairəsinə daxil olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, altı inzibati rayonu əhatə edən bu layihə region sakinlərinin məşğulluq və inkişaf potensialının artırılmasında mühüm rol oynayır.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək bildirib ki, qurum layihəyə maliyyə dəstəyi göstərir. O, layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü ifadə edib.
Layihənin icraçı tərəfdaşı olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai qeyd edib ki, layihə nəinki kiçik ailə müəssisələrinə dəstək verilməsində, o cümlədən vətəndaşların peşə təhsilinin təmin edilməsində böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “ABAD”ın məqsədləri, fəaliyyəti, eləcə də, beynəlxalq sahədə əməkdaşlığın müsbət nəticələrindən söz açıb. Qeyd olunub ki, Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihə bu regionlarda yaşayan sakinlərin əlavə gəlir mənbəyi əldə etməsi üçün əlverişli imkanlardan biridir.
Sonra nümayəndə heyəti və tədbir iştirakçıları layihənin təqdimatını dinləyib, “ABAD”çılar və onlar üçün yaradılmış şəraitlə yerində tanış olublar.
Qeyd edək ki, 2017-ci il dekabrın 13-də imzalanmış layihənin əsas məqsədi Balakəndə “ABAD” regional mərkəzinin vasitəçiliyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verməkdir. Bu çərçivədə Şəki-Zaqatala iqtisadi rayonundan 23-ü qadın, 21-i kişi olmaqla, 44 ailə seçilib ki, bunların da 12-si məcburi köçkün ailəsidir.