İQTİSADİYYAT
“ABOEM əsasında aqroenerji komplekslərinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans
Qobustan, 27 dekabr, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə dekabrın 27-də “ABOEM əsasında aqroenerji komplekslərinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, xarici və yerli mütəxəssislərin iştirakı ilə ABOEMDA-nın Qobustan Eksperimental Poliqonunun Tədris Mərkəzində keçirilən konfransda çıxış edən Dövlət Agentliyinin sədrinin müşaviri Cəmil Məlikov Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti və perspektivlərindən danışıb. Bildirilib ki, ABOEMDA-nın məqsədi ölkədə bərpa olunan və alternativ enerjinin inkişafı üçün istiqamət və nümunə rolunu oynayacaq həll yollarının yaradılması və inteqrasiyasına təkan verməkdir.
Çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov belə bir tədbirin Qobustanda keçirilməsinin rayon üçün mühüm bir hadisə olduğunu deyib. Qeyd olunub ki, Eksperimental Poliqonun hesabına ABOEM-in iqtisadiyyatın bütün sahələrinə tətbiq olunması ilk növbədə Qobustan rayonunda həyata keçirilir və bu təcrübəni respublikanın digər regionlarında da genişləndirmək dövlətin prioritet istiqamətlərindəndir.
Sonra ABOEMDA-nın sədrinin müşaviri C.Məlikov “ABOEM-dən istifadənin perspektivləri” mövzusunda təqdimatla çıxış edib.
Məlumat verilib ki, Prezident İlham Əliyevin iştirakı ilə bu ilin iyulunda Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışı olub. Həmçinin, oktyabrın 20-də “Pirallahı” Günəş Elektrik Stansiyasının 1 meqavat gücə malik hissəsi də istismara verilib.
Qeyd edilib ki, hazırda Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində alternativ və bərpa olunan enerji mənbələri hesabına alınan enerjinin Qobustan şəhərinin enerji təchizatının “ağıllı şəbəkə” vasitəsilə həyata keçirilməsi layihəsi uğurla davam etdirilir. Həmçinin Dövlət Agentliyi tərəfindən Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığında, Şəngəçal qəsəbəsində və Sumqayıtda günəş elektrik stansiyalarının, Samux rayonunda Aqro-enerji yaşayış kompleksinin tikintisi davam etdirilir.
Bildirilib ki, 2020-ci ilədək Azərbaycanda günəş və külək elektrik stansiyaları, günəş və geotermal istilik stansiyaları, biokütlə enerjisi və kiçik su elektrik stansiyaları hesabına ümumilikdə 7 min 500 meqavatadək enerjinin istehsal olunması nəzərdə tutulub.
Konfransda “Samux Aqro-enerji yaşayış kompleksi” və “ABOEM-in inkişafı üzrə investisiyaların cəlb edilməsi” mövzularında çıxışlar edilib.
Sonda tədbir iştirakçıları üçün ABOEMDA-nın Qobustan Hibrid Tipli Stansiyasının Eksperimental Poliqonu ilə əyani tanışlıq təşkil olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na müvafiq olaraq keçirilib.