ABŞ-IN DAHA BİR NAZİRİ İSTEFA VERİR
AzerTAg.az
ABŞ-ın milli təhlükəsizlik naziri Tomas Ric istefa ərizəsi yazmışdır. AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərə görə, bunu o, noyabrın 30-da burada keçirdiyi mətbuat konfransında bildirmişdir.
Pensilvaniya ştatının sabiq qubernatoru T.Ric nazirliyə 2003-cü ilin yanvarından başçılıq edir. Tərkibinə sərhədlərin mühafizəsi, mühacirət və gömrük xidmətləri daxil olan nazirlik ABŞ-da 2001-ci ilin 11 sentyabr terror aktlarından sonra yaradılmışdır. Onun 18 min əməkdaşı var. Amerika KİV-ləri və ictimai təşkilatları miqrasiya və gömrük qaydalarını sərtləşdirdiyinə görə nazirliyi dəfələrlə tənqid etmişlər, çünki bu, ölkəyə gələn turistlərə və qonaqlara narahatlıq yaradır və onlarda narazılıq doğururdu.
Buna baxmayaraq, T.Ricin özü bu fikirdədir ki, onun idarəsinin səyləri sərhədlərin mühafizəsinin yaxşılaşmasına gətirib çıxarmış və ölkəni daha təhlükəsiz etmişdir.
Beləliklə, Tom Ric C.Buş hökumətini müxtəlif səbəblər üzündən tərk etmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Corc Tenetdən və Baş prokuror Con Eşkroftdan sonra ABŞ-ın güc qurumlarının rəhbərləri arasında istefa ərizəsi yazan üçüncü şəxs olmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var