SİYASƏT
ABS-IN MÜDAFİƏ NAZİRİ BAKIYA GƏLMİŞDİR
Cənab Ramsfeld ölkəmizə səfərinin məqsədi barədə belə demişdir:
- Müdafiə naziriniz və mən Brüsseldən, NATO-nun toplantısından yenicə qayıtmışıq. Günün sonunda müdafiə naziri və Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılıbdır. Sonra bizim mətbuat konfransımız olacaqdır. Biz ölkələrimiz arasındakı əlaqələr ilə bağlı mühüm məsələləri müzakirə edəcəyik.
X X X
ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Binə hava limanından Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşə gəlmişdir. Müdafiə Nazirliyinin qarşısında qonağın təntənəli qarşılanma mərasimi olmuşdur. Burada qonağın şərəfinə fəxri qarovul düzülmüşdü. Fəxri qarovulun rəisi ABŞ müdafiə nazirinə raport vermişdir. ABŞ-ın və Azərbaycanın Dövlət himnləri səslənmişdir. Sonra hər iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar olmuşdur. Bağlı qapılar arxasında keçirilən danışıqların təfərrüatı açıqlanmamışdır. Yalnız o məlumdur ki, hər iki ölkənin müdafiə nazirləri Azərbaycanın Əfqanıstan və İraqda sülhməramlı missiyasının fəaliyyəti, beynəlxalq terrorizmlə mübarizə, eləcə də Bakı və Vaşinqtonun strateji əməkdaşlığının daha da dərinləşdirilməsinin perspektivlərini müzakirə etmişlər.
Pentaqonun nümayəndə heyətindən AZƏRTAC-a bildirmişlər ki, ABŞ-ın müdafiə naziri Donald Ramsfeld dekabrın 4-də Bakıdan Əfqanıstana yola düşəcəkdir. Günün sonunda isə Pentaqon rəhbərinin yenidən Bakıya qayıdacağı gözlənilir. Buradan isə o İraqa yola düşəcəkdir.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev və ABŞ-ın Bakıdakı səfiri Rino Harniş iştirak etmişlər.