DÜNYA


ABŞ-Meksika sərhədində tikanlı məftillər çəkilir

Vaşinqton, 23 fevral, AZƏRTAC

ABŞ Sərhəd-Gömrük Xidməti Meksika ilə Birləşmiş Ştatlar arasında El-Paso (Texas ştatı) rayonunda tezliklə tikanlı məftillərin çəkiləcəyini bəyan edib. Xidmətin nümayəndələrinin sözlərinə görə, burada sərhədi keçmək istəyən qeyri-leqal miqrantların böyük axını gözlənilir. Sərhədin Meksika tərəfindən El-Pasoya bitişik olan və Şimali Amerikanın ən kriminal şəhərlərindən biri sayılan Syudad-Xuaresdə xeyli qeyri-leqal miqrant toplaşıb.

Amerika sərhədçiləri bir neçə qat tikanlı məftil çəkməklə bərabər, əlavə divarlar ucaldır, o cümlədən beton bloklar quraşdırırlar. Sərhəd-Gömrük Xidmətinin rəhbərliyi hesab edir ki, bu, sərhədin təhlükəsizliyini təmin edəcək və qeyri-leqalların ABŞ-a daxil olmasının qarşısını alacaq. Prezident Tramp fevralın əvvəlində El-Pasoda məhz bu sərhəd-buraxılış məntəqəsində olub və onu ən təhlükəli məntəqələrdən biri adlandırıb.

Xatırladaq ki, fevralın 15-də Prezident Tramp ABŞ-da fövqəladə vəziyyət elan edib. Bu, demokratlar Meksika ilə sərhəddə divarın tikintisinə 5,7 milyard dollar ayırmaqdan imtina etdikdən sonra baş verib. Fövqəladə vəziyyətin elan edilməsi sayəsində divarın tikintisinə vəsait ABŞ Müdafiə Nazirliyinin büdcəsindən ayrılacaq.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşqinton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.