DÜNYA
ABŞ PREZİDENTİ BARAK OBAMA NOBEL SÜLH MÜKAFATI LAUREATI ELAN EDİLMİŞDİR
Bakı, 9 oktyabr (AZƏRTAC). Norveçin Nobel Komitəsinin qərarı ilə ABŞ Prezidenti Barak Obama Nobel sülh mükafatı laureatı elan edilmişdir. Qeyd olunmuşdur ki, “Barak Obama yeni beynəlxalq mühit yaratmış” və “nüvəsiz dünya işinə” töhfəsini vermişdir.
İndiyədək Nobel sülh mükafatı laureatı adına 23 təşkilat və 96 ictimai xadim (84 kişi, 12 qadın) layiq görülmüşdür. İsveç sənayeçisi və ixtiraçısı Alfred Nobelin vəsiyyətinə görə, sülh mükafatı Norveç parlamentinin (stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. 2009-cu ildən komitəyə Torbern Yaqland başçılıq edir. Norveç Fəhlə Partiyasının üzvü olan Torbern Yaqland müxtəlif vaxtlarda Baş nazir, xarici işlər naziri və parlamentin sədri vəzifələrində çalışmışdır. O, ötən həftə həmçinin Avropa Şurasının baş katibi seçilmişdir. Komitənin digər üzvləri qadınlardan ibarətdir.