SİYASƏT
ABŞ-ın “The National Interest” jurnalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məqalə dərc edilib
Bakı, 3 oktyabr, AZƏRTAC
ABŞ-ın “The National Interest” jurnalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü ilə bağlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə sentyabrın 27-də Ermənistanın Azərbaycana növbəti hərbi təxribata başlamasından, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etmək üçün Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarını həyata keçirməsindən bəhs olunur.
Müəllif baş verən hadisələrin dünya mətbuatında, xüsusilə Qərb mediasında ümumilikdə obyektiv işıqlandırılmadığını təəssüflə qeyd edir. Bildirir ki, ümumiyyətlə, münaqişə barədə yazan bir qrup Qərb alimi, mütəxəssisi və jurnalisti öz araşdırmalarında yalnız geosiyasi məqamlara nəzər salıb, ancaq ən vacib məsələyə - yəni, beynəlxalq hüquqla bağlı susmağa üstünlük veriblər.
Məqalədə deyilir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamə ilə Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonunun Ermənistanın işğalı altında olduğunu bildirib, Azərbaycanın suverenliyini bir daha təsdiq edib və Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsini tələb edib. 2015-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal atlında saxladığını vurğulayıb.
Qeyd edilir ki, 1992-ci ildən indiyədək ATƏT-in Minsk qrupu münaqişənin diplomatik həlli yolu istiqamətində çalışır. 2007-ci ildə bu səylərin nəticəsi olaraq, işğal olunmuş ərazilərin geri qaytarılması üçün əsas kimi qəbul edilmiş Madrid Prinsipləri ortaya çıxdı. O vaxtdan bəri Ermənistan müxtəlif bəhanələrlə bu prinsiplərin icrasını təxirə salıb və işğala əsaslanan status-kvonu qoruyub saxlamağa çalışır. 2020-ci ilin martında Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti birmənalı şəkildə Madrid prinsiplərini pisləyib. Bundan bir az əvvəl Paşinyan 2019-cu ilin avqust ayında “Dağlıq Qarabağ Ermənistandır” bəyanatını səsləndirib. Bundan daha əvvəl - 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən “yeni ərazilər üçün yeni müharibə” hərbi doktrinası elan edilib.
Danışıqlar prosesinin dalana dirəndiyi və artan hərbi vəziyyət dönəmində Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq güc tətbiqinə əl atmaqdan başqa çarəsi qalmadı. Münaqişənin vəziyyəti ilə bağlı hazırlanan qərəzli hesabatlarda bu barədə demək olar ki, qeyd olunmur.
Məqalədə vurğulanır ki, hazırda cəbhədə baş verən hadisələr barədə Qərbin bəzi media qurumları feyk xəbərlər yayırlar və bu da erməni ultra millətçilərinin lobbiçilik səylərinə dəstək deməkdir.