SİYASƏT
ABŞ-ın beyin mərkəzinin nümayəndələri azad edilmiş ərazilərdə yenidənqurma işləri barədə məlumatlandırılıb
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov nümayəndə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə ölkəmizin sədrlik etdiyi qurumlarda fəaliyyət, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, Azərbaycanın bu xüsusda irəli sürdüyü beynəlxalq təşəbbüslər və digər məsələlər barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir Ceyhun Bayramov bölgədə baş verən son hadisələr, o cümlədən münaqişədən sonra yaranan yeni vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanın yaranması, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin inkişafı, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.