DÜNYA
ABŞ-ın gündəlik neft istehsalı 11,7 milyon barreldir
Bakı, 29 noyabr, AZƏRTAC
Birləşmiş Ştatların sutkalıq neft hasilatı 11,7 milyon barrel səviyyəsindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft istehsalı əvvəlki həftə ilə müqayisədə orta hesabla 5 min barrel azalaraq gündəlik 11,7 milyon barrel olub. Bu, ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalı əsasən Alyaska ştatında azalıb, digər ştatlarda isə dəyişiklik olmayıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatında son 46 həftənin 9-da azalma qeydə alınıb.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 608 min barrel artaraq gündəlik 8,16 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 473 min barrel çoxalaraq sutkada 2,44 milyon barrel olub.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçısı ola bilər.
EIA-nın noyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel təşkil edəcək.