DÜNYA
ABŞ son 20 ilin ən soyuq qışını yaşayır VİDEO
Bakı, 7 yanvar (AZƏRTAC). Yanvarın 7-də Amerika Birləşmiş Ştatlarında mənfi 40, bəzi yerlərdə hətta 50 dərəcəyədək şaxta gözlənilir. Minnesota, Şimali Dakota, Viskonsin, Ayova və İndiana ştatları arktik siklonun güclü zərbəsinə məruz qalmışdır. Son 20 ilin rekord şaxtaları ABŞ əhalisinin üçdə iki hissəsinin gündəlik həyatına öz təsirini göstərməkdədir.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, ABŞ-da 17, Kanadada isə 10 nəfər dondurucu soyuqların qurbanı olmuşdur. Həkimlər güclü şaxtanın insan həyatı üçün çox təhlükəli olduğuna dair xəbərdarlıq edirlər. Belə ki, açıq havada çox qalmaq bədənin hərarətinin aşağı düşməsinə, ürəyin dayanmasına, nəfəsin kəsilməsinə, yəni nəticə etibarı ilə ölümə səbəb ola bilər.
Energetika kompaniyaları əhalini xüsusən pik saatlarında elektrik enerjisinə mümkün qədər qənaət etməyə çağırırlar. Artıq 40 min ev işıqsız qalmışdır.
İstər yerüstü, istərsə də hava nəqliyyatında ciddi problemlər yaşanır. Ən ağır vəziyyət ölkənin orta Qərb hissəsində yaranmışdır. Həmin ərazilərdə təxminən 4 minədək təyyarə reysi təxirə salınmışdır.