CƏMİYYƏT


ABŞ və Gürcüstandan gələn nümayəndələr AQTİ-nin fəaliyyəti ilə tanış olublar

ABŞ və Gürcüstandan gələn nümayəndələr AQTİ-nin fəaliyyəti ilə tanış olublar

Bakı, 9 fevral, AZƏRTAC

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilə əlaqədar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin, Gürcüstan Milli Qida Agentliyinin və Tbilisi Dövlət Universitetinin nümayəndələri ölkəmizə səfərə gəliblər. Səfərin həyata keçirilməsində məqsəd Azərbaycanda qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirlərini, həmçinin zərərvericinin yayılmasının qarşısının alınması sahəsində mövcud olan çətinliklərlə bağlı məsələləri, eləcə də görülən tədbirlərin səmərəliliyinin artırılması üçün ölkəmizə göstərilə biləcək dəstəyin müzakirə edilməsindən ibarətdir. Səfər proqramının iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qonaqlara institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.

Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə edilən uğurlar barədə də məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması sahəsində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.

Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.