SİYASƏT
ƏDALƏT MÜHAKİMƏSİNƏ DİQQƏTİN TƏZAHÜRÜ
Məhkəmələrin ədalət ocağı kimi yüksək statuslarının təmin edilməsinə xüsusi əhəmiyyət verən dövlətimizin başçısının rəhbərliyi ilə məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, bir çox məhkəmələr üçün müasir tələblərə cavab verən yeni binalar ayrılaraq əsaslı təmir edilmiş, ən müasir avadanlıqla təchiz olunmuşdur.
AZƏRTAC-ın Ədliyyə Nazirliyindən aldığı məlumatda bildirilir ki, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il ərəfəsində Hacıqabul rayon məhkəməsinin müasir tələblərə cavab verən yeni inşa edilmiş binasının və Əli Bayramlı səhərindəki 3 nömrəli yerli iqtisad məhkəməsinin əsaslı təmir edilmiş binasının açılışı olmuşdur.
Bu münasibətlə keçirilmiş mərasimlərdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkədə müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasından danışmış, Hacıqabul rayon məhkəməsində yaradılmış iş şəraitinin ədalət mühakiməsinin səmərəliliyinə xidmət edəcəyinə, məhkəmə qərarlarının qanunun aliliyinə, humanizmə, qərəzsizliyə söykənərək ədalətin təntənəsinə səbəb olacağına ümid etdiyini bildirmiş, məhkəmələrə müasir tipli kompüter dəsti, faks qurğusu və digər təşkilati-texniki avadanlıq, hüquq ədəbiyyatı təqdim edilmişdir.
Hakimlər, icra hakimiyyəti, hüquq mühafizə və ədliyyə orqanları rəhbərləri çıxışlarında dövlət tərəfindən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Ədliyyə Nazirliyinin rəhbərliyi Hacıqabul, Kürdəmir və Əli Bayramlıda yerləşən notariatların, nikah evlərinin və digər ədliyyə orqanlarının problemləri ilə də maraqlanmış, təmir və abadlıq işlərinin aparılması, əlverişli iş şəraitinin yaradılması üçün konkret tapşırıqlar vermiş, bir sıra məsələləri yerində həll etmişdir.