REGİONLAR
ADAU-da akademik Cəlal Əliyevə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən təşkil edilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransı təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq, akademik Cəlal Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2018-ci ildə universitetdə keçirilən tədbirlərdən danışıb. Elmi-praktik konfransın əhəmiyyətini vurğulayan rektor, eyni zamanda, respublikanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrindən 100-dən çox məqalənin məruzə üçün təqdim edildiyini bildirib. Məqalələr akademik Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə həsr olunmaqla nəfis şəkildə nəşr edilib.
Kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini konfrans iştirakçılarına çatdıran nazir müavini Seyfəddin Talıbov görkəmli alim, tanınmış ictimai xadim, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan danışıb.
Konfransın plenar iclasında AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavinləri Natiq Allahverdiyev və Ələmdar Məmmədov, laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai və başqaları məruzələrlə çıxış ediblər.
Elmi-praktik konfrans öz işini bölmələrdə davam etdirib. Konfransın yekununda aqronomluq fakültəsində yaradılan akademik Cəlal Əliyev adına Bitki fiziologiyası laboratoriyasına baxış keçirilib.