ELM VƏ TƏHSİL
ADNSU ilə Avrasiya İqtisadi Münasibətlər Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin (EkoAvrasya) rəhbəri Hikmet Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin deputatı Elman Nəsirov, ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov və dərnəyin idarə heyətinin üzvləri iştirak ediblər.
Mustafa Babanlı qonaqlara universitetin tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və tanınmış məzunları haqqında məlumat verib. O, ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinin (UFAZ) fəaliyyətindən danışıb. ADNSU-nun magistratura pilləsində təhsil alan tələbələrin 92 faizinin işlədiyini deyən rektor bakalavrların da işlə təmin olunması üçün universitetdə gündəlik təcrübə proqramının həyata keçirildiyini qeyd edib.
ADNSU-nun gələcəkdə sənaye müəssisəsi kimi də fəaliyyət göstərməsi üçün müəyyən işlər aparıldığını bildirən Mustafa Babanlı yaxın gələcəkdə universitetdə bir neçə adda məhsul istehsal ediləcəyini söyləyib.
Səmimi qəbula görə rektora minnətdarlığını bildirən Hikmet Eren rəhbərlik etdiyi qurum haqqında məlumat verib. EkoAvrasyanın əsas məqsədinin sənaye və iqtisadiyyatın inkişafına dəstək vermək olduğunu bildirən Hikmet Eren 40-dan çox ölkədə müxtəlif qurumlarla əməkdaşlıq edildiyini və ADNSU ilə də əməkdaşlıqda maraqlı olduqlarını deyib.
Elman Nəsirov bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyini və Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.
Sonda tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.