ELM VƏ TƏHSİL
ADPU-da tələbələr imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsindən razı qalıblar
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Şura 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının monitorinqini keçirib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, monitorinq ictimaiyyəti yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı geniş və ətraflı məlumatlandırmaq məqsədilə aparılıb.
Yaz semestrinin imtahan sessiyasında yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə apellyasiya komissiyası yaradılıb.
Builki tədris ilində ADPU-ya qəbul olunmuş birinci tədris ili tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektivliyi təmin etmək, eyni zamanda, tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Digər tədris ili tələbələri isə kompüter mərkəzində elektron-test üsulu ilə imtahan verirlər. İmtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun internet saytına yerləşdirilir.
Rektor Cəfər Cəfərov imtahan prosesini müşahidə edir, öz tapşırıq və tövsiyələrini verir.
Monitorinq zamanı qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, təhsil ekspertləri imtahanların gedişini və cavabların qiymətləndirilməsini izləyiblər. Tələbələr imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsindən razı qaldıqlarını bildiriblər.