ELM VƏ TƏHSİL
ADU-nun Konfutsi İnstitutunun seminarı: Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə "Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" adlı onlayn seminar keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan və Çin mədəniyyətində güllər və bitkilərin dərin rəmzi məna daşıdığını və xalqların adət-ənənələri ilə sıx bağlı olduğunu bildirib. Gül obrazları poeziyanın, nağılların və əfsanələrin ayrılmaz hissəsidir, gül rəmzi isə parçaların, xalçaların, memarlıq dekorativ elementlərin ornamentlərində yer alır. Çin nadir bağ-park sənətinin mühüm elementi olan bir çox çiçək və bitki növlərinin vətənidir. R.Abbasov Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirə günündən və Şuşa şəhərinin rəmzi olan “Xarı bülbül” gülündən də söz açıb.
Seminarda Çin dili müəllimi, Şərqi Çin Universitetinin magistri Samirə Məmmədova Çinin “dörd nəcib” bitkisindən - gavalı çiçəkləri, səhləb çiçəkləri, bambuk və xrizantemdən, insanın mənəvi kamilliyini və mənəvi gözəlliyini simvolizə edən bitkilər barədə məlumat verib. Qədim Çin filosofları tərəfindən sehrli gücün güllərə verildiyini deyən S.Məmmədova Çin milli çiçəyindən - çiçəklənmə və sülh rəmzi olan piondan danışıb. O, həmçinin təbiətin poetik-obrazlı şərhinə əsaslanan və rəssamlara öz fikirlərini, xoş arzularını ifadə etməyə imkan verən metaforikliyi və simvolizmi ilə seçilən Çin rəsmi "Xua-nyao" ("Güllər və quşlar") janrının fəlsəfi-estetik köklərindən söz açıb.