İDMAN
AFFA QONDARMA “DAĞLIQ QARABAĞ RESPUBLİKASI”NDA FUTBOL ÇEMPİONATININ KEÇİRİLMƏSİNƏ QƏTİ ETİRAZINI BİLDİRMİŞDİR
“Ermənistanın İnternet saytları və Rusiyanın kütləvi informasiya vasitələri bu il avqustun 1-də qondarma “Dağlıq Qarabağ Respublikası” ərazisində futbol çempionatının başlanması barədə xəbərlər yaymışlar. Bu qanunsuz çempionatda doqquz yerli, bir Ermənistan komandasının iştirak etdiyi bildirilir.
FİFA-nın və UEFA-nın tamhüquqlu üzvü kimi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası üzdəniraq “Dağlıq Qarabağ Respublikası”nda futbol çempionatının keçirilməsinə, Ermənistanın Gorus şəhərini təmsil edən komandanın bu qanunsuz çempionatda iştirakına qəti etirazını bildirir. Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir. Bu regionun futbol klubları yalnız Azərbaycan çempionatında iştirak edə bilərlər.
AFFA inanır ki, FİFA və UEFA öz qanunlarına və prinsiplərinə uyğun olaraq, erməni separatçılarının işğal olunmuş ərazidə çempionat keçirilməsinin qarşısını alacaqdır”.