SİYASƏT
AĞSAQQALLAR ŞURASININ IV QURULTAYI KEÇİRİLMİŞDİR
Sentyabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında Respublika Ağsaqqallar Şurasının IV qurultayı keçirilmişdir.
Məlumat verildi ki, Azərbaycan Prezidenti Heydər Əliyev rayon və şəhər şuralarının konfranslarından yekdilliklə qurultayın fəxri nümayəndəsi seçilmişdir.
Rayon və şəhər şuralarından 247 nümayəndənin iştirak etdiyi qurultayda idarə heyətinin sədri, akademik Budaq Budaqovun hesabat məruzəsi dinlənildi.
Sonra Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, idarə heyətinin üzvü, professor Zəhra Quliyeva, Gəncə, Binəqədi, Xaçmaz, Tovuz şəhər və rayon şuralarının sədrləri Yusif Yusifov, Böyükkişi Əbilov, Ömər Zeynalov, Çingiz Namazov və başqaları çıxış etdilər.
Natiqlər Azərbaycan Prezidenti Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı yolunda apardığı məqsədyönlü siyasəti ürəkdən bəyəndiklərini və onu dəstəklədiklərini bildirdilər, ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələrindən ətraflı söhbət açdılar.
Qurultayda rayon və şəhər şuralarının apardığı işlərdən də bəhs edildi, cəmiyyətimizdə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların xüsusi rol oynadıqları vurğulandı.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin bölmə müdiri Ərəstun Mehdiyev çıxış edərək şuranın fəaliyyətinə uğurlar arzuladı.
Qurultayda 85 nəfərdən ibarət yeni tərkib seçildi. Akademik Budaq Budaqov yenidən şuranın idarə heyətinin sədri seçildi.
Qurultayda Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu.