ELM VƏ TƏHSİL
ALİMLƏRİMİZ İTALİYADA PALÇIQ VULKANLARI İLƏ BAĞLI TƏDQİQATLAR APARMIŞLAR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü İbrahim Quliyev, şöbə rəhbərləri - geologiya-mineralogiya elmləri doktorları Adil Əliyev və Bəhruz Pənahi İtaliyada səfərdə olmuşlar.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan alimləri NATO-nun dəstəklədiyi “Palçıq vulkanlarından çıxan metan qazının qısamüddətli fluktuasiyalarının peyk vasitəsi ilə monitorinqi” layihəsi çərçivəsində İtaliyalı alimlərlə birgə palçıq vulkanlarını tədqiq etmişlər. Tədqiqatlar, əsasən, peykdən çəkilmiş fotoşəkillər və vulkan pilpilələrindən çıxan qaz əsasında, Azərbaycan və İtaliyan vulkanlarını müqayisə etməklə aparılmışdır.
Məqsəd palçıq vulkanları yerləşən ərazilərdə atmosferə çıxan metan qazının həcmini hesablamaq, vulkan pilpilələrindən çıxan akustik siqnallar vasitəsilə qazın mənbəyinin dərinliyini öyrənmək olmuşdur.
Qeyd edək ki, alimlərimizə tədqiqatlar zamanı İtaliya peykindən istifadə etmək imkanı yaradılmışdır.