CƏMİYYƏT
ƏLİ BAYRAMLIDA ƏLİLLƏRİN BƏRPA MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Əli Bayramlıda tikilmiş 14 çarpayılıq əlillərin bərpa mərkəzi istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev yeni mərkəzin istifadəyə verilməsini ölkəmizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 100 gününə təsadüf edən əlamətdar hadisə adlandırmışdır. Natiq bərpa mərkəzinin yaradılmasını müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizədə fiziki sağlamlığını itirmiş soydaşlarımıza dövlətimizin diqqət və qayğısının bariz nümunəsi adlandırmışdır. Nazir yeni mərkəzin regional əhəmiyyətindən söz açmış, burada təkcə əlibayramlıların deyil, ətraf rayonlarda yaşayan əlillərin də öz sağlamlıqlarını bərpa etmək imkanı qazandıqlarını vurğulamış, bildirmişdir ki, bu işlə 30 nəfər tibb heyəti məşğul olacaqdır.
Mərasimdə çıxış edən Əli Bayramlı Şəhər İcra Hakimyyətinin başçısı Sədaqət Qəhrəmanova mərkəzi ərsəyə gətirənlərin hamısına minnətdarlıq etmiş, xeyirxah insanların bu yeni ünvana həmişə baş çəkəcəklərini bildirmişdir.
Milli Məclisin deputatı Mikayıl Mirzənin, II qrup Qarabağ müharibəsi əlili Muxtar Abbasovun çıxışlarında da qayğıya görə minnətdarlıq hissləri ifadə olunmuşdur.
Bərpa mərkəzinə baxış keçirilmişdir. BMT-nin İnkişaf Proqramının bərpa mərkəzinə hədiyyə etdiyi müasir tibb avadanlığı və sağlamlığı bərpa vasitələri nəzərdən keçirilmiş, yaradılmış gözəl şərait yüksək qiymətləndirilmişdir.