Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 1

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Bakı, 10 may, AZƏRTAC

Vətən müharibəsindəki Zəfərdən və torpaqlarımızda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycan öz tarixinin tamamilə yeni mərhələsinə daxil olub. İndi biz qalib dövlətin vətəndaşları, qalib xalqın nümayəndələri kimi həm dövlətçiliyimizin, həm də müstəqilliyimizin ən şərəfli və ən qürurlu günlərini yaşayırıq. Bu uğurlarımızın memarı olan Prezident İlham Əliyevin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərindəki qələbəsi isə xalqımızın ona qalibiyyət yaşadan, ərazi bütövlüyümüzü bərpa edən və Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Liderə minnətdarlığının ifadəsinə çevrildi.

Olduqca xoşdur ki, müstəqilliyimizin xilaskarı, müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü məhz belə qürurverici günlərdə, artıq ərazi bütövlüyümüzün tam bərpa olunduğu bir zamanda, Azərbaycanın qədəm qoyduğu yeni dövrün astanasında qarşılayırıq.

Bu fikirlər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun “Ulu Öndər bugünkü uğurlarımızın möhkəm və etibarlı siyasi-iqtisadi təməllərini yaratdı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

“Anadan olmasının 101-ci ildönümündə Ulu Öndərin əziz xatirəsini yad etməklə, həm də Azərbaycanın yaxın keçmişinə nəzər yetiririk və bir daha görürük ki, bəhs etdiyim tarixi hadisələrin reallaşmasına, qazandığımız uğurlara məhz Heydər Əliyevin yaratdığı möhkəm və etibarlı siyasi-iqtisadi təməllər üzərində nail olmuşuq. İllər ötdükcə, Azərbaycan inkişaf etdikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə, dövlət və xalq olaraq nailiyyətlərimiz artdıqca, Heydər Əliyev dühasının böyüklüyünü, bu dahi şəxsiyyətin Azərbaycan qarşısında xidmətlərinin və fədakarlıqlarının mahiyyətini daha dərindən dərk edirik.

Biz Azərbaycanın bugünkü reallıqlarını təhlil edərkən çox haqlı olaraq bütün uğurlarımızı Ulu Öndərin ideyalarının həyata vəsiqə almasının, Heydər Əliyev yolunun layiqincə davam etdirilməsinin nəticəsi kimi qiymətləndiririk. Bu doğurdan da belədir və Prezident İlham Əliyev ötən 20 ildən artıq bir müddətdə Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin müəllifi kimi Heydər Əliyevin əbədiyaşar ideyalarının həyata keçməsini layiqincə təmin edib.

Bu dövrdə Azərbaycanı keçdiyi yüksəliş və inkişaf yolunun hər bir göstəricisi həm də Heydər Əliyevin arzularının çin olmasıdır.

1993-cü ildə xalqın istək və arzusu ilə hakimiyyət sükanının arxasına keçən Heydər Əliyev böyük siyasi təcrübəyə malik görkəmli dövlət xadimi kimi özünün tarixi xilaskarlıq missiyasını qətiyyətlə həyata keçirdi. Təcrübəli siyasətçi, görkəmli dövlət xadimi kimi Heydər Əliyev itirilmək təhlükəsi qarşısında qalan müstəqilliyimizi qorudu, Xalq Cümhuriyyətinin taleyinin yenidən təkrarlanmasına yol vermədi. Heydər Əliyev müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qara güruhun fəaliyyətinin nəticəsi olaraq ölkədə meydan sulayan separatizmin kökünü kəsdi, Azərbaycanın parçalanmasının qarşısını aldı.

Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq planlarının genişlənməsinə imkan vermədi, uzaqgörənliyi və nüfuzu ilə qısa müddətdə vahid komandanlığa əsaslanan nizami ordu formalaşdırmaqla, 1994-cü ildə uğurlu hərbi əməliyyatların həyata keçirilməsinə, Füzuli və Kəlbəcər istiqamətlərində işğal edilmiş ərazilərimizin bir qisminin azad edilməsinə nail oldu.

Respublikada siyasi-ictimai sabitliyi təmin edən Ulu Öndər Heydər Əliyev sonrakı mərhələdə həyata keçirdiyi islahatlarla müstəqil dövlətçiliyimizin möhkəm təməllərini yaratdı, hüquqi dövlət quruculuğuna başladı, iqtisadiyyatda geriləmənin qarşısını alaraq, inkişafa doğru dönüşün əsasını qoydu. “Əsrin kontraktı”nın imzalanması ilə Heydər Əliyev yalnız respublikamızın gələcək inkişafını təmin edəcək möhkəm zəmin formalaşdırmadı, həm də Azərbaycanı beynəlxalq münasibətlər sistemində tanınan və özünün layiqli yeri olan dövlətə çevirdi.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il müasir dövlətçilik və müstəqillik tariximizdə tənəzzüldən yüksəlişə doğru keçidin tam təmin edildiyi olduqca mühüm mərhələ oldu. Bu dövrün reallıqlarını ümumiləşdirməklə, belə ifadə edə bilərik ki, Heydər Əliyev müstəqilliyimizi qorumaqla, dövlətçiliyimizin əsaslarını formalaşdırmaqla, dövlət quruculuğunu həyata keçirməklə, özünün şah əsəri olan müasir Azərbaycan dövlətini yaratdı.

Heydər Əliyevin Azərbaycanla bağlı arzuları, planları çox idi. Ömür yolu bu arzuları həyata keçirməyə vəfa etməsə də, Ulu Öndər öz siyasi erudisiyasına söykənərək inanırdı ki, onun başa çatdıra bilmədiyi məsələləri layiqli siyasi davamçısı olan İlham Əliyev başa çatdıracaq. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, -deyə Ulu Öndər 2003-cü ildə Azərbaycan xalqına müraciətində deyirdi.

Cənubi Qafqazda lider, dünyada söz sahibi olan dövlət

Ondan başlayaq ki, Heydər Əliyev yaradıb qurduğu Azərbaycanı daha güclü, daha qüdrətli görmək istəyirdi və ölkə Prezidenti olduğu dövrdə mövcud reallıqlara uyğun olaraq bu istiqamətdə lazım olan bütün addımları atırdı. Ulu Öndərin qətiyyətlə həyata keçirdiyi enerji strategiyası, düşünülmüş və dövrün çağırışları ilə səsləşən sosial-iqtisadi islahatları, hüquqi dövlət quruculuğu, demokratikləşmə və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində həyata keçirdiyi bütün addımlar yalnız bir məqsədə – Azərbaycanın daha qüdrətli və müasir dövlətə çevrilməsinə xidmət edirdi.

Ötən 20 ilin reallıqları göstərir ki, Prezident İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirməklə Ulu Öndərin bu arzusunu layiqincə yerinə yetirib.

Bu gün Azərbaycanı dünyaya qüdrətli dövlət kimi təqdim edən amillərin əhatə dairəsi kifayət genişdir və bu sırada ilk növbədə respublikamızın həyata keçirdiyi müstəqil siyasət kursunu qeyd etməliyik. Çağdaş beynəlxalq münasibətlər sistemində hər bir dövlətin mövqeyi ilk növbədə onun yeritdiyi siyasətin məzmunu ilə ölçülür və müstəqil siyasət yürüdə bilməyən dövlətin qlobal səviyyədə ehtiram sahibi ola bilmədiyi aksiomdur. Çox uzağa getmədən Ermənistanın timsalında müstəqil siyasəti olmayan dövlətin nümunəsini göstərə bilərik. Hansı ki, belə subyektlərin beynəlxalq münasibətlərdəki yeri müxtəlif güclər üçün hərbi-siyasi forpost və ya plasdarm olmaqdan o yana keçmir.

Azərbaycanın isə siyasəti müstəqildir və hansısa xarici dairələrdən gələn direktivlərlə formalaşmır. Müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq miqyasda öz inkişaf yolu və qlobal proseslərdə öz mövqeyi olan dövlət və eyni zamanda, əməkdaşlıq məkanı kimi tanınır. Müstəqil siyasətin nəticəsidir ki, Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün bütün imkanları sürətlə reallığa çevirir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası sadəcə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi demək deyil. Bu layihələr həm də ölkəmizin müstəqil və qətiyyətli siyasətinin təntənəsidir. Azərbaycanın bu layihələrin təşəbbüskarı olması da müstəqil siyasətin göstəricisidir.

Müstəqil siyasətin nəticəsi kimi Azərbaycan beynəlxalq mövqelərini və qlobal səviyyədə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Azərbaycan uzun illərdir ki, regionun lider dövlətidir, qlobal məsələlərdə söz və nüfuz sahibidir. Bütün bunları respublikamıza olan qlobal münasibətdən, Prezident İlham Əliyevin ünvanına əlamətdar günlərdə gələn məktubların məzmunundan, müxtəlif tədbirlərdə dövlətimizin başçısı ilə bağlı söylənən xoş fikirlərdən da görmək mümkündür. Elə cari il aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündən əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng edərək bu görüşün Azərbaycana qarşı olmadığı barədə izahat vermələri də ilk növbədə Prezident İlham Əliyevin nüfuzundan və respublikamızın regiondakı aparıcı mövqeyindən xəbər verir.

Siyasi-diplomatik amillərlə yanaşı sosial və iqtisadi sahədə əldə olunan nailiyyətlər də Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsini şərtləndirən başlıca meyarlardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra əldə olunan makroiqtisadi göstəricilərin yalnız bir qisminə nəzər yetirməklə, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən iqtisadi siyasətin uğurları ilə tanış ola bilərik. Bu dövrdə iqtisadiyyatımız 3 dəfədən çox artıb. Artıq 2024-cü ildə dövlət büdcəmizin gəlirləri 34 milyard manatdan artıq olacaq, xərclərimiz isə 36 milyard manata yaxın olacaq. Bu, 2003-cü illə müqayisədə təxminən 20 dəfə artım deməkdir. Müdafiə xərclərimiz 2003-cü ildə cəmi 150 milyon ABŞ dollarına bərabər idisə, indi bu rəqəm 5 milyard manatdan çoxdur. 20 il əvvəl, 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayanda cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idik. Bu gün isə valyuta ehtiyatlarımız 70 milyard ABŞ dollarına yaxınlaşıb ki, bu da təxminən 39 dəfəyə yaxın artım deməkdir.

Bu dövrdə respublikamızda altısı beynəlxalq olmaqla, 9 aeroport tikilib, tarixdə ilk dəfə olaraq orbitə peykimiz çıxarılıb, yeni elektrik stansiyalarının inşası nəticəsində 3 min meqavatdan artıq yeni generasiya gücü yaradılıb, ölkə üzrə qazlaşdırmanın səviyyəsi 51 faizdən 100 faizə yaxınlaşıb, 21 min kilometrə yaxın avtomobil yolu tikilib və ya yenidən qurulub.

O cümlədən ötən 20 ildə sosial sahədə əldə edilən göstəricilər tarixin ən qüdrətli Azərbaycanının ən gözəl təqdimatıdır. 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yerinin yaradılması, işsizliyin 5 faizə, yoxsulluğun səviyyəsinin 44,7 faizdən 5,2 faizə enməsi iqtisadi inkişafın sosial sahəyə gətirdiyi yüksək dividentlərdir. Bu illər ərzində orta aylıq əməkhaqqının 76,8 manatdan 923,1 manata, minimum əməkhaqqının 9 manatdan 345 manata, orta aylıq pensiyanın 23,8 manatdan 436 manata, minimum aylıq pensiyanın 20 manatdan 280 manata, əhalinin hər nəfərinə düşən nominal pul gəlirlərinin 707,7 manatdan 7686,9 manata çatması sosial siyasətin uğurlu məzmunundan xəbər verir. 20 ildə 3600 məktəb binasının, yəni, ölkənin bütün məktəb fondunun (4500-dən çox məktəb) 80 faizdən çoxunun, 750-dən artıq tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, 40-dan çox olimpiya mərkəzinin və yüzlərlə müxtəlif idman qurğularının inşası nəticə etibarilə həm sosial siyasətin təqdirəlayiq nümunələri, həm də tarixin ən qüdrətli Azərbaycanın göstəriciləridir.

Beləliklə, Azərbaycanın daha nüfuzlu, sürətlə inkişaf edən və yüksək sosial rifahın təmin olunduğu dövlətə çevirən Prezident İlham Əliyev, bütün bunlara nail olmaqla, həm də Ulu Öndərin arzularını çin etdi.

Tarixin ən güclü Azərbaycanı barədə bəhs edəndə gözlər önünə həm də ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən gərgin hərbi-siyasi proseslər gəlir. Dərin təbəddülatların hökm sürdüyü həmin günlərdə təsəvvür belə etməzdik ki, vaxt gələcək Azərbaycan dünya birliyinin sayılıb-seçilən üzvünə çevriləcək və ya inkişaf göstəricilərinə dünyanın qabaqcıl dövlətlərindən biri olacaq. Təsəvvür də etməzdik ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək, yaxud kosmik kluba daxil olacaq. Bakının ən mötəbər beynəlxalq tədbirlər mərkəzinə çevriləcəyi, Xəzərdən Avropaya qədər qaz kəmərinin çəkiləcəyi ağlımızdan belə keçmirdi. Bir vaxtlar bizə xəyal kimi görünən bu məsələlər indi reallıqdır. Bu xəyalları həqiqətə çevirən isə Heydər Əliyevin dühası və Prezident İlham Əliyev qətiyyətidir. Və bütün bunların fonunda Heydər Əliyevin hələ ötən əsrin 90-cı illərində böyük uzaq söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri öz təsdiqini uğurla tapır.

Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Bu gün dönüb tarixə ekskursiya edəndə görürük ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində dünya erməniliyinin Qərb siyasi dairələrinin respublikamıza qarşı olan nə qədər güclü təzyiqlərinin qarşısını qətiyyətlə almış, torpaqlarımızda ikinci erməni dövlətinin qurulmasına imkan verməyib. Çünki Vətən müharibəsindən sonra Azərbaycana qarşı Fransa başda olmaqla, Qərb siyasi dairələrinin 44 günlük müharibənin yaratdığı reallıqları qəbul edə bilməmələri təsdiq edir ki, Qərbin niyyəti vaxtilə işğal altında olmuş torpaqlarımızın Ermənistana ilhaqı və ya torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması imiş və bu məqsədlə Azərbaycanın hələ indiki qədər güclü olmadığı illərdə Heydər Əliyevə nə qədər təzyiqlər edilib. Lakin Heydər Əliyev qətiyyətli və təcrübəli siyasətçi kimi bu təzyiqlərin qarşısını nəinki dəyanətlə almışdı, həm də ATƏT-in Lissabon sammitində qəbul olunmuş tarixi qərarla Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların Azərbaycanın milli maraqları çərçivəsində aparılması üçün baza formulunun müəyyən edilməsinə nail olmuşdu.

Əlbəttə, Heydər Əliyev yalnız sülh danışıqları gündəliyi ilə kifayətlənmirdi. İqtisadiyyatda aparılan sürətli islahatlar və buna mütənasib olaraq ordu quruculuğunun həyata keçirilməsi torpaqlarımızın azad olunması məqsədinə xidmət edirdi. Ona görə Heydər Əliyev ərazilərimizin mütləq azad ediləcəyinə qətiyyətlə əmin idi və Azərbaycanı Qarabağsız təsəvvür edə bilmirdi. Hələ 1998-ci il martın 20-də də Heydər Əliyev Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində Heydər Əliyev demişdi: “Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu – biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik”.

Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin fəaliyyətində ilk gündən torpaqlarımızın işğaldan azad edilməsi prioritet istiqamət təşkil edirdi. Aparılan danışıqlar prosesində dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanın milli maraqları ilə azacıq da ziddiyyət təşkil edən təklif və təşəbbüslərini qətiyyətlə yaxına buraxmadı, həm danışıqlar prosesində, həm iştirak etdiyi bütün görüş və tədbirlərdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan etdi.

Sülh danışıqları prosesində iştirakla yanaşı, Prezident İlham Əliyev bütün platformalardan açıq şəkildə bildirdi ki, danışıqları nəticəsiz qalarsa, döyüş yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Bu məqsədlə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu dövrün çağırışlarından irəli gələrək yeni mərhələyə yüksəldildi. Azərbaycan Prezidentinin xüsusi diqqət və nəzarəti ilə aparılan məqsədyönlü hərbi islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinə daxil olan bütün qoşun növlərinin döyüş qabiliyyəti ən modern səviyyəyə çatdırıldı. Mütəmadi olaraq keçirilən müxtəlif məzmunlu hərbi təlimlərlə qoşunların döyüş hazırlığı praktik şəkildə artırıldı.

Ermənistanın hərbi təxribatların nəticəsi olaraq, 2020-ci ilin sentyabr ayının 27-dən etibarən Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı hərbi əməliyyatlar isə ordumuzun gücünün döyüş meydanındakı praktik təsdiqi oldu. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız cəmi 44 günə azad edildi. Bu savaşda qazanılan Zəfər Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın inkişafının, Silahlı Qüvvələrimizin gücünün, xalqımızın milli və siyasi həmrəyliyinin, gənclərimizin vətənpərvərliyinin və Heydər Əliyev ideyalarının təntənəsinə çevrildi. Biz bu savaşda yalnız Ermənistana deyil, başda Fransa olmaqla, dünya erməniliyinə, ATƏT-in Minsk qrupuna qalib gəldik. Bu savaşdakı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın son iki yüz illik tarixində ən böyük missiyanı həyata keçirdi. Bu dövrdə itirdiyimiz torpaqlar ilk dəfə olaraq məhz İlham Əliyevin rəhbərliyi ilə azad olundu.

Beləliklə, torpaqlarımızın işğaldan azad edilməsi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu və vəsiyyətini yerinə yetirdi. “Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik”, - deyə Prezident İlham Əliyev 2023-cü il aprelin 10-da Qazaxıstanın paytaxtı Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində bildirdi.

Keçən il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərinin nəticəsində isə bütün torpaqlarımız üzərində milli suverenliyimiz təmin edildi. Cəmi 23 saata Azərbaycan torpaqlarında 200 ilə yaxın davam etmiş erməni separatizminə birdəfəlik son qoyuldu və bu hadisə bir daha Azərbaycanın bir dövlət olaraq güc və qətiyyətinin təcəssümünə çevrildi. Heydər Əliyev Azərbaycanı məhz belə güclü, torpaqlarımızı azad, xalqımızı qürurlu görmək istəyirdi və ona görə indi Ulu Öndərimizin ruhu rahatdır. Çünki Azərbaycan artıq Heydər Əliyevin görmək istədiyi ucalığa yüksəlib.

Ulu Öndərin ideyalarını layiqincə yaşadan Fond

Azərbaycan xalqı Heydər Əliyevin zəngin dövlətçilik irsini respublikamızın inkişafının, təhlükəsizliyinin, xalqımızın rifahının təminatçısı olan siyasi kursun əsasında dayanan təkmil konsepsiya olaraq qəbul edir. Ölkəmizin tarixində baş verən bütün proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın yüksəlişinin və güclü gələcəyinin yolu Heydər Əliyev ideyalarının həyata vəsiqə almasından keçir. 20 il öncə elə bu zərurətdən yaranan Heydər Əliyev Fondu da ictimai təşkilat olaraq Ulu Öndərin ideyalarını həyata keçirmək üçün cəmiyyətin ən müxtəlif sahələrində fundamental layihə və proqramlar reallaşdırır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti çoxşaxəli olmaqla yanaşı, həm də heyrətamiz və qürurvericidir. Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif məzmunlu tədbirlər Ermənistanın işğalçı simasını dünyada ifşa edib. Xocalı hadisələrinin ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən Ermənistanın törətdiyi soyqırımı cinayəti kimi tanınmasında Heydər Əliyev Fondunun xidməti əvəzsizdir. Heydər Əliyev Fondu həm də Azərbaycan mədəniyyətinin dünyada fəal təbliğatçısı, maddi və mənəvi abidələrimizin hamisidir. Təsadüfi deyil ki, Fondun xətti ilə indiyədək neçə-neçə mədəni və tarixi abidəmiz bərpa edilib, yenidən qurulub. Muğam sənətimizin, xalq musiqimizin qorunması, təbliği, mədəni-tarixi abidələrimizin bərpası, milli mədəniyyətimizin müxtəlif nümunələrinin UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilməsi Heydər Əliyev Fondunun milli mədəniyyətimiz qarşısındakı xidmətlərinin göstəricisidir.

2004-cü ildə Heydər Əliyev Fondunun fəaliyyətə başlaması ilə Azərbaycanda xeyriyyəçilik institutu da yeni mərhələyə qədəm qoyub. Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə böyük xeyriyyə tədbirlərinə imza atan Fond ehtiyacı olan hər kəsin ümid istinadgahına, mərhəmət ünvanına çevrilib. Ümumiyyətlə, insanlara yaxşılıq, ehtiyac olanlara qayğı göstərmək Heydər Əliyev Fondunun fəaliyyətinin başlıca kredosudur. Ötən 20 ildə yalnız fərdi şəkildə edilən köməkliklər deyil, respublikamızda uşaq evlərinin, internat məktəblərinin, xəstəxanaların tikintisi, talassemiyalı və diabetli xəstəliklərdən əziyyət çəkənlər üçün müxtəlif layihələrin həyata keçirilməsi də Prezident İlham Əliyevin sosial siyasətinə verilən böyük dəstəklə yanaşı, Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinin təcəssümüdür. Koronavirus pandemiyasının tüğyan etdiyi gərgin günlərdə Azərbaycan cəmiyyəti bir daha bunun şahidi oldu.

Heydər Əliyev Fondunun fəaliyyəti həm də vətəni sevməyin ən gözəl nümunələrindən biridir. Çünki torpaqlarımızın işğaldan azad edilməsindən sonra Fondun Qarabağ və Şərqi Zəngəzurda, xüsusən Şuşa şəhərində həyata keçirdiyi bərpa və quruculuq işlərinin təməlində ilk növbədə vətənpərvərlik və Mehriban Əliyevanın milli dəyərlərimizə bağlılığı dayanır. Fondun xətti ilə indiyədək Şuşada məscidlərin və tarixi abidələrin bərpa edilməsi istiqamətində artıq bir neçə məscid və tarixi abidə, o cümlədən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin məqbərəsi, Mehmandarovların malikanə kompleksi bərpa edilib.

Onu da xatırlayırıq ki, Vətən müharibəsində yaralanan, əlil olan qəhrəman oğullarımızın yenidən sağlamlıqlarına qovuşması da Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Müharibənin ilk günlərindən döyüşlərdə yaralanmış hərbçilərimizin müalicəsini şəxsi nəzarətinə götürən Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı ilə neçə-neçə zabit və əsgərimiz qardaş Türkiyədə müalicə alaraq sağlam həyata qovuşublar.

Heydər Əliyev Fondunun fəaliyyətində diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, həyata keçirilən layihələr Azərbaycanla məhdudlaşmayaraq, ölkəmizin hüdudlarını aşır. Fondun xətti ilə xarici ölkələrdə keçirilən sosial layihələr, mədəniyyət və xeyriyyə tədbirləri isə həm də Azərbaycanı dünyaya daha yaxından tanıdır. Fondu dost və qardaş Pakistanda, Vatikanda, Rusiyanın müxtəlif vilayətlərində həyata keçirdiyi layihələr həm bəşəri irsin qorunmasına, həm də Azərbaycanın beynəlxalq səviyyədə yüksək imicinin formalaşmasına xidmət edir. Bu layihələrin hər biri Azərbaycanın qlobal səviyyədə gözəl təqdimatıdır. Bütün bunlar həm də Mehriban Əliyevanı Azərbaycan cəmiyyətində vətənpərvər və milli təəssübkeş kimi tanıdıb. Ümumilikdə isə Heydər Əliyev Fondunun hər bir layihəsinin, hər bir təşəbbüsünün, gördüyü hər bir işin arxasında Mehriban Əliyevanın əzmkarlığı, vətən sevgisi, insanlara qayğısı, öz xalqın və onun dəyərlərinə bağlılığı dayanır. Ona görə 7 il əvvəl – 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması bütün ictimaiyyət tərəfindən dərin minnətdarlıqla qarşılandı.

Prezident İlham Əliyevin dinamik inkişaf yoluna çıxardığı Azərbaycanın əldə etdiyi bir çox uğurlarda Ümummilli Liderin adını daşıyan Fondun xidmətləri əvəzolunmazdır. Ötən 20 ilin mənzərəsi göstərir ki, Heydər Əliyev Fondu həqiqətən də Ulu Öndərin adına layiq fəaliyyət nümunəsi ortaya qoyub, çoxşaxəli fəaliyyəti və nəcib əməlləri ilə Prezident İlham Əliyevin sosial, humanitar, mədəniyyət kimi sahələrdə həyata keçirdiyi siyasətin, o cümlədən Ermənistanın qlobal ifşasına yönəlik hücum diplomatiyasının daha böyük uğur qazanmasına layiqli töhfələr verib.

Torpaqlarımızın işğaldan azad edilməsindən və Qarabağda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycan yeni dövrə qədəm qoyub. Əsas milli prioritetimiz olan Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi sürətlə davam edir. Beləliklə, qarşıda Azərbaycanı fəth ediləcək yeni zirvələr və böyük nailiyyətlər gözləyir. Bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin yeni uğur salnamələri yazılacaq və bu, Heydər Əliyev ideyalarının növbəti təntənəsinə çevriləcək.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNƏCƏK

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub YENİLƏNİB

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib

Ağdamda mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Sabah Bakıda 24-29 dərəcə isti olacaq, rayonlarda bəzi dağlıq ərazilərdə yağış yağacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNƏCƏK

Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb

Baş Prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb

Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib

28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayır

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib

Hacıqabulda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanıb

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və coşqusuna ürəkdən qatılırıq

FHN: Ötən gün 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib

Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub

Tozlu hava şəraiti davam edir

Milli Məclisin sədri İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı beynəlxalq konfransda iştirak edib

Müdafiə Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə videoçarx hazırlayıb VİDEO

Dövlət Komitəsi erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb

DİN: Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb

28 May - xalqımızın qürur və şərəf tarixi

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub

Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

Keniya Respublikasının Prezidenti Uilyam Samoi Rutodan

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Adrian Efros: Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib VİDEO

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi

Azərbaycan gimnastı: Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir

İsveçin təhsil naziri: Məktəblərimizdə cinayətkarlar çalışır

Səməd Seyidov Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşüb

“Qız qalası əfsanəsi” filminin 100 ili tamam olur

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

Yığma üzvü: Nəticəmizi dəstək sayəsində əldə etdik

Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər

Bakı və Moskva Rusiyanın Xankəndidə baş konsulluğunun yaradılması məsələsini müzakirə ediblər

Qum fırtınası haqqında bilmədiklərimiz

Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandası Vətənə qayıdıb VİDEO

Malta və Kosovo NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Bakıda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mühazirə təşkil olunub

Gənc gimnastlar: Azərbaycanı Avropa çempionatında təmsil etmək əla hissdir

Bakıdakı Rus evində “Slavyan yazısı və mədəniyyəti günü” qeyd edilib

Zaqatalada 44 yaşlı qadın qətlə yetirilib

Azərbaycan Prezidenti: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir

Prezident: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik

Prezident İlham Əliyev: Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin legitim maraqlarını və narahatlıqlarını müdafiə edib

Türk Dövlətləri Təşkilatı 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına

Yığmanın məşqçisi: Vətənə medalla dönmək qürurverici hissdir

Budapeştdə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycanın dörd idmançısı Batumidə keçirilən turnirin qalibi olub

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

Səfir: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin və bütün region üçün mühüm mərhələdir

Laçında 32 ildən sonra keçirilən futbol yarışının qalibi müəyyən olub

Autizmli şəxslər üçün sosial xidmətlərin Malta modeli ilə tanışlıq səfəri olub

Azərbaycan diplomatları Cümhuriyyətin qurucularının Fransadakı məzarlarını ziyarət ediblər VİDEO

Nizami Kino Mərkəzində “Qarabağın cizgiləri” adlı sərgi açılıb

28 May - Müstəqillik Günü Bişkekdə qeyd olunub

Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər VİDEO

Bakı İlahiyyat Kollecinin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur

Vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə diqqət yetirilir

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Çin Yeni Kaledoniyadan 18 vətəndaşını təxliyə edib

Azərbaycanın yeniyetmə rəssamlarının əsərləri Koreya Respublikasında sərgidə nümayiş olunur

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Pxenyan: Hərbi kəşfiyyat peykinin buraxılışı uğursuz olub

Kür çayı Tovuz rayonunda da fəsadlar törədib FOTO VİDEO

® ABB səhmdarlarına 185 000 000 manat dividend ödəyəcək!

Türkiyədə şəhid Məmmədağa Səfərovun adını daşıyan məktəbdə ona həsr olunan guşə açılıb

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI