Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub
Vyana, 28 may, AZƏRTAC
Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Varşavada Milli Filharmoniyanın Kamera zalında konsert proqramı və rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Polşa Nazirlər Kabinetinin üzvü, nazir Tomaş Şiemoniak, hökumət, seym və senatın üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, akademik, incəsənət, media və biznes dairələrinin təmsilçiləri, Polşa müftisi və dini icmaların nümayəndələri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, həmçinin soydaşlarımız iştirak ediblər.
Tədbir Azərbaycan və Polşanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunması Türk və müsəlman dünyasında ilk demokratik respublikanın yaranması ilə nəticələnən mühüm tarixi hadisə olduğunu bildirərək, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə güclü dövlət institutlarının formalaşdırılması, ərazi bütövlüyünün qorunması, hüququn aliliyinə əsaslanan dünyəvi dövlət modelinin qurulması istiqamətində mühüm addımlar atdığını qeyd edib.
Səfir vurğulayıb ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman və türk dövləti olmaqla yanaşı, Xalq Cümhuriyyəti dünyanın qabaqcıl demokratik ölkələri sırasında yer alıb. O, Azərbaycanın müstəqillik bəyannaməsində beynəlxalq münasibətlərin inkişafının əsas prioritetlərdən biri kimi təsbit olunduğunu diqqətə çatdıraraq, 1919-cu ildə Azərbaycanda fəaliyyət göstərən ilk diplomatik nümayəndəliklər arasında Polşanın səfirliyinin olduğunu xatırladıb.
N.Qurbanova qeyd edib ki, sovet işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırılsa da, onun demokratik idealları xalqın yaddaşında yaşayaraq 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına zəmin yaradıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi irs Azərbaycanın daxili və xarici siyasətinin əsasını təşkil edir.
Səfir həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionun ən güclü iqtisadiyyatına malik ölkəsinə çevrildiyini, multikulturalizm və dinlərarasıdialoq sahəsində beynəlxalq nüfuz qazandığını vurğulayaraq, Azərbaycanın 17-22 may tarixində regionda ilk dəfə keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etdiyini, tədbirdə 182 ölkədən 40 mindən çox iştirakçının yer aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, Forum Polşanın ev sahibliyi etdiyi Forumun 11-ci sessiyasının uğurlu irsini davam etdirərək Azərbaycan–Polşa əməkdaşlığının daha da genişlənməsi üçün yeni imkanlar açır.
Səfir N.Qurbanova Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı roluna da toxunaraq bildirib ki, təşkilat regional sabitlik və iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm platformaya çevrilib. Bu il türk xalqlarının mədəni və dil inteqrasiyasının əsasını qoyan Birinci Bakı Türkologiya Qurultayının 100 illiyi qeyd olunduğunu xatırladan N.Qurbanova hazırda 170 milyondan artıq əhalini əhatə edən və ümumi daxili məhsulu 1,5 trilyon ABŞ dollarını ötən təşkilatın qlobal ticarət, enerji təhlükəsizliyi və strateji əməkdaşlıq baxımından mühüm rol oynadığı vurğulayıb.
Daha sonra fəxri qonaq qismində çıxış edən Nazir Tomaş Şemonyak bildirib ki, bu mərasimdə Baş nazir Donald Tuskun hökumətini təmsil etmək onun üçün böyük şərəfdir. O, Azərbaycan Respublikasına hörmət və dostluq münasibətlərini ifadə edərək, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan ilə Polşa arasında həm tarixi bağlar, həm də müasir dövrdə ortaq maraqlar mövcuddur. O, Bakıya son səfərinin və keçirilən görüşlərin ölkələr arasında əməkdaşlığın davamlı xarakter daşıdığını göstərdiyini bildirib.
Çıxışında Azərbaycanın regionda oynadığı mühüm rolu da qeyd edən nazir qeyd edib ki, Azərbaycan Respublikasının sabitlik və sülhün qorunmasında xüsusi əhəmiyyəti vardır. O, Bakıda olduğu zaman Azərbaycanın təmin etdiyi sabitlik və təhlükəsizlik mühitinin nə qədər vacib olduğunu bir daha anladıqlarını vurğulayıb.
T.Şemonyak Bakıda polyak memarlarının, neft sənayesi mütəxəssislərinin və mədəniyyət xadimlərinin izlərinin qorunmasına görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. O, həmçinin Azərbaycanın regionda sabitlik və sülhün qorunmasında mühüm rol oynadığını söyləyib.
Nazir çıxışının sonunda Azərbaycan xalqı və rəhbərliyinə uğurlar arzulayıb və “Yaşasın Azərbaycan! Yaşasın Polşa! Yaşasın dostluğumuz!” sözlərini səsləndirib.
Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Elşad Əliyev çıxış edərək Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını və bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb və Varşavada təşkil olunan tədbirin Azərbaycan–Polşa dostluğunun möhkəmləndirilməsi, milli-mədəni irsimizin təbliği və Azərbaycanın dövlətçilik ənənələrinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulayıb.
E.Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk parlamentli respublika kimi tariximizdə mühüm yer tutduğunu qeyd edərək, müasir Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
O, həmçinin Polşadakı Azərbaycan diasporunun milli kimliyin qorunması, mədəniyyətimizin təbliği və Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.
Çıxışlardan sonra əlamətdar gün münasibətilə türk dövlətlərinin vətəndaşları olan ifaçılardan ibarət “Yeddi gözəl” musiqi qrupu konsert proqramı ilə qonaqlar qarşısında çıxış edib və tədbirin sonunda iştirakçılara müxtəlif təamlar təqdim olunub.