Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir
Bakı, 28 may, AZƏRTAC
İran və ABŞ atəşkəsin nəticəsi olaraq Hörmüz boğazını açmaq və kommersiya gəmilərinin boğazdan keçməsinə icazə vermək barədə razılığa gəlmək istəklərini bildirmişdilər. Bundan sonra (mayın 26-və 27-də) dünya bazarında neftin qiyməti tədricən enməyə başladı və London birjasında “Brent” markalı neftin qiyməti 94 dollardan satıldı. Lakin bu gün ABŞ-nin İran ərazisindəki bəzi hərbi obyekt hesab etdiyi məntəqələri raket zərbəsinə tutmasından sonra qiymətlər yenidən artdı.
AZƏRTAC xəbər verir ki, hazırda London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 4,15 faiz artaraq 98,99 dollara satılır.
“Bloomberg”in analitikləri hesab edir ki, razılaşma heç bir sənədin imzalanması ilə təsdiq olunmayıb. Yalnız dövlət rəhbərlərinin bəyanatı ilə səslənir ki, bu da dayanıqlı olmur. Bir tərəfdən razılaşma barəsində bəyanatlar səslənir digər tərəfdən isə raket zərbələri endirilir. Körfəzdəki müharibə dünya enerji bazarını o qədər həssas vəziyyətə gətirib ki, birjaların hər hansı bəyanata reaksiyası gecikmir.
Siyasi müşahidəçilər hesab edir ki, ABŞ Hörmüz boğazının bağlanmasından istifadə edərək bazara çıxardığı neftin həcmini artırıb. Yalnız Hörmüz boğazının deyil, ümumilikdə Körfəzin təhlükəli olması Yaxın Şərq ölkələrinə (Qətər, Küveyt, Səudiyyə Ərəbistanı) dünya bazarına neft çıxarmaq imkanı vermir. Bununla yanaşı, hərbi əməliyyatlar zamanı İran bu ölkələrin neft infrastrukturuna böyük zərər vurub və hasilatı azaldıb. Bununla əlaqədar olaraq bazarda yaranan defisiti ABŞ dolduraraq neft şirkətlərinə əlavə gəlir qazandırır. Geosiyasi gərginliyin nə qədər davam edəcəyi məlum deyil. Lakin bazarda tez-tez tələb və təklifin dəyişməsi qiymətlərin də dəyişməsinə səbəb olur.