Naxçıvan şəhərində fermer və sahibkarların elektrik enerjisinin verilişi ilə bağlı müraciətləri dinlənilib
Bakı, 28 may, AZƏRTAC
Fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə “Azərişıq” ASC tərəfindən Naxçıvan şəhərində görüş baş tutub.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin binasında keçirilən görüşə 30-dək sahibkar və yerli sakin iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlara elektron xidmətlər barədə ətraflı məlumatlar verilib, xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm “ASAN Xidmət” mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub.
İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb, onların təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.