Dunay çayının sahilində Müstəqillik Gününə həsr olunmuş tədbir
Budapeşt, 28 may, AZƏRTAC
Budapeştdəki Azərbaycan Evində 28 May - Müstəqillik Gününə həsr olunmuş “Tarixdən müasirliyə olan dövr gənclərin gözü ilə" adlı maarifləndirici təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimə tarix elmləri üzrə fəlsəfə doktoru, tarixçi və maarifçi Qənirə Mirzəxanlı rəhbərlik edib. Tədbir zamanı gənclərə Azərbaycanın müstəqillik tarixi, beynəlxalq aləmdə dövlət maraqlarının qorunması, milli dövlətçilik irsi, ana dilinin əhəmiyyəti və milli yaddaşın gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Təlim Azərbaycan Respublikası Gənclər Fondu, Macarıstandakı Azərbaycan Evi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan-Macarıstan Məzunlar Assosiasiyasının birgə səyləri ilə təşkil olunub.
Qonaqları və gəncləri salamlayan Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli 28 May - Müstəqillik Gününün əhəmiyyətindən danışıb. O, tarixin düzgün öyrənilməsinin və dünyaya dəqiq təqdim edilməsinin vacibliyini xüsusi vurğulayıb. ASAP İdarə Heyətinin üzvü Mirgünay Bayramova Azərbaycanın müstəqilliyi, ölkənin tarixi qələbəsi və milli yaddaşın gələcək nəsillərə ötürülməsində gənclərin rolu barədə danışıb. O, qeyd edib ki, bu gün qalib ölkənin gəncləri Azərbaycan Bayrağını beynəlxalq səhnədə qürurla dalğalandırırlar.
Vurğulanıb ki, Macarıstanda və xaricdə təhsil alan azərbaycanlı gənclərə yaradılan imkanlar dövlətin gənc nəslə diqqət və dəstəyinin bariz nümunəsidir.
Təlim gənclər arasında böyük maraq doğurub və interaktiv müzakirələrlə davam edib.