Azərbaycanın Müstəqillik Günü münasibətilə Berndə rəsmi qəbul təşkil edilib
Bern, 28 may, AZƏRTAC
İsveçrənin paytaxtı Berndə “Bellevue Palace” sarayında 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, rəsmi qəbul Azərbaycan Respublikasının, İsveçrə Konfederasiyasının və Lixtenşteyn Knyazlığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Qəbulda İsveçrə hökumətinin yüksəkvəzifəli rəsmiləri, diplomatik korpusun rəhbərləri, ölkənin siyasi, mədəni və işgüzar dairələrinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, eləcə də yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov çıxışı zamanı bildirib ki, 108 il əvvəl – 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli tarixi yoldan bəhs edərək vurğulayıb ki, məhz Azərbaycanda bir çox Avropa ölkələrindən əvvəl qadınlara seçmək və seçilmək hüququ verilib. Qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrinin formalaşması, demokratik institutların yaradılması və milli kimliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi irs qoyub. Səfir qonaqlara Cümhuriyyətin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.
Səfir Fuad İsgəndərov, həmçinin diqqətə çatdırıb ki, 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müasir inkişaf strategiyasının əsası qoyulub. Bildirilib ki, həmin strateji kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir.
Səfir son bir il ərzində Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesi və iki ölkə arasında sülh müqaviləsinin paraflanması barədə də ətraflı məlumat verib. Vurğulanıb ki, sülh müqaviləsinin hazırlanması və tərəflər arasında etimad mühitinin yaradılması baxımından birbaşa dialoq və təmaslar mühüm əhəmiyyət daşıyır. Bu xüsusda İsveçrənin vasitəçiliyi ilə 2022-ci ildə Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş birbaşa danışıqların normallaşma prosesinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Səfir qeyd edib ki, təxminən 30 ildən sonra regionda de-fakto sülh şəraiti formalaşıb. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərin bərpası istiqamətində ilkin addımların atıldığı, ilk ticarət əlaqələrinin yaranmağa başladığı və regional əməkdaşlıq üçün yeni imkanların meydana çıxdığı xüsusi vurğulanıb.
Tədbirin bədii hissəsində Avropa və İsveçrədə tanınan gənc azərbaycanlı skripka ifaçısı, beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Cəmilə Qarayusiflinin rəhbərliyi ilə “Horizons” orkestri çıxış edib.