Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir
Şəki, 28 may, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Azərbaycan uşaq ədəbiyyatının incilərindən sayılan “Qaraca qız” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. Görkəmli Azərbaycan ədibi Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiq tərəfindən səhnələşdirilmiş pyes rejissor Elvin Nurinin quruluşunda təqdim edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
Bayram günlərində məktəbli tamaşaçılara təqdim olunan tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları aktyorlar Gülxar İmamhüseynova, Nuranə Mirzəliyeva, Nərmin Abbasova, Pərviz İsmayılov, Rəşad Rüstəmov, Günay Novruzəliyeva, Rəşid Mirizadə, Hüseyn Hüseynli, Nərmin Nəbiyeva, Elvin Mabudov, Fərahim Fətəliyev, Samirə Abdullayeva, Rəsul Məmmədrəhimov, Qurban Rəsulov, Arzuman Abdullazadə və Azad Məmmədov ifa edirlər.
Səhnə əsərində dostluq və fədakarlıq kimi ali dəyərlər tərənnüm edilir.
Teatrın mütəxəssisi bildirib ki, yeni, fərqli finalla təqdim olunan tamaşa dörd gün ərzində gündə iki seans olmaqla nümayiş etdiriləcək.
Müxbir – Mustafa Dadaşov