Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub
Vyana, 28 may, AZƏRTAC
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi dəfilə proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova moda nümayişinin Azərbaycanın zəngin mədəni irsini, milli kimliyini və estetik dəyərlərini beynəlxalq auditoriyaya təqdim etmək məqsədi daşıdığını bildirib. O qeyd edib ki, təqdim olunan kolleksiyalar ənənə ilə müasirliyi, qədim tarixə malik əl işi və sənətkarlıqla çağdaş dizaynı birləşdirərək Azərbaycan mədəniyyətinin dərin köklərindən gələn hekayələri əks etdirir.
Tədbirdə Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aygün Əhmədova çıxış edərək Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu il təsis olunmasının 10 illik yubileyi qeyd edilən təşkilatın əsas hədəfi Azərbaycan milli irsini beynəlxalq platformalarda təqdim etməkdir.
Dəfilə proqramında “Qala Dress”, “Sevil Art”, “Basqal”, “Nur”, “Samuxis”, “Qurama” və “Atide” brendlərinin kolleksiyaları təqdim olunub. Təqdim edilən kolleksiyalarda Azərbaycan milli ornamentləri, qədim sənətkarlıq ənənələri, kəlağayı motivləri və müasir moda elementləri bir araya gətirilib. “Qala Dress” brendi tərəfindən eksklüziv əl işləri ilə seçilən zərif axşam geyimləri nümayiş etdirilib, “Sevil Art” brendi isə milli ornamentlər və tarixi elementlərin müasir interpretasiyasını təqdim edib. “Basqal” brendi tarixi Basqal bölgəsinin zəngin mədəni irsindən ilhamlanan kolleksiyası ilə çıxış edib.
Dəfilədə “Nur dizayn”, “Samuxis” və “Qurama” brendləri milli motivləri müasir moda ilə birləşdirən kolleksiyalarını nümayiş etdiriblər. Gecənin sonunda “Atide” brendinin ənənəvi kəlağayı ornamentlərini müasir dizaynla birləşdirən kolleksiyası təqdim olunub.
Tədbirin bədii hissəsində Vyanada yaşayan musiqiçilər Günel Şirinova (sopran) və Əminə Məmmədova (fortepiano) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər. Sonda layihə iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, tədbirə “AB invest - export-partners” MMC, “Mafrash AB consept store”, “Hillside”, “Paltira Group”, “World” Təhsil və İnkişaf Platforması tərəfindən təşkilati dəstək göstərilib.