Türkiyədən 28 May münasibətilə təbrik mesajları: “Bir millət, iki dövlət”
İstanbul, 28 may, AZƏRTAC
Türkiyənin bir sıra dövlət qurumları, rəsmi şəxsləri, qardaş ölkədə fəaliyyət göstərən QHT-lər, eləcə də Türk Dövlətləri Təşkilatı tərəfindən 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı təbrik mesajları paylaşılıb.
AZƏRTAC xəbər verir ki, X sosial media hesablarında edilən paylaşımlarda Azərbaycan ilə Türkiyə arasındakı tarixi bağlara xüsusi diqqət yetirilib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təbrik mesajında deyib: “Ortaq tariximiz, güclü qardaşlıq bağlarımız və sarsılmaz həmrəyliyimizlə könül birliyi içində olduğumuz qardaş Azərbaycanın sevincini ürəkdən paylaşırıq”.
“Bir millət, iki dövlət” şüarı ilə sevincini sevincimiz bildiyimiz can Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Dünən bir idik, bu gün yan-yanayıq, sabah da eyni inamla çiyin-çiyinə addımlamağa davam edəcəyik”,- bu fikirlər isə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının təbrik mesajında yer alıb.
Rəhbərlik etdiyi qurum və öz adından Azərbaycan dövlətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev deyib: “1918-ci ildə müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını simvolizə edən bu tarixi gün Azərbaycan xalqının müstəqilliyə, dövlətçiliyə və milli qürura olan sarsılmaz bağlılığının parlaq təzahürüdür. Bu gün Azərbaycan Türk dünyasında birlik, həmrəylik və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində aparıcı rol oynamaqda davam edir. Hörmətli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional bağlantıların gücləndirilməsi, iqtisadi əməkdaşlıq, davamlı inkişaf və Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi istiqamətində verdiyi mühüm töhfələr yüksək qiymətləndirilir.
Azərbaycan öz möhtəşəm inkişafını bundan sonra da davam etdirəcək, həm regionda, həm də onun hüdudlarından kənarda sülhə, sabitliyə və rifaha daha böyük töhfələr verəcəyindən əminəm. Bu əlamətdar gün münasibətilə qardaş Azərbaycan xalqına davamlı uğurlar, firavanlıq və əmin-amanlıq arzulayıram”.
“Bir millət, İki dövlət” anlayışı ilə sevincimiz də, qürurumuz da birdir. Bu əlamətdar gündə qəhrəman şəhidlərimizi rəhmətlə yad edir, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlığın daim olmasını arzulayıram”, - bu ifadələr isə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun təbrik mesajında yer alıb.
Qardaş ölkənin müdafiə sənayesi üzrə flaqmanlarından olan “ASELSAN”ın təbrik mesajında deyilir: “Bir millət, iki dövlət” anlayışı ilə gələcəyə doğru birlikdə sürətlə addımlamağa davam edəcəyik”.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türk Ocaqları Cəmiyyəti, Türk Dünyası Araşdırmaları Vəqfi, Türkiyənin bir sıra bələdiyyələrinin sədrləri və digərləri tərəfindən paylaşılan təbrik mesajlarında da ölkələrimizin ortaq keçmişi və gələcəyə olan ortaq baxışına diqqət çəkilib.