Xarkovda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Bakı, 13 may, AZƏRTAC
Ukraynanın Xarkov şəhərində Nikolay Lısenko adına Xarkov Milli Akademik Opera və Balet Teatrında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın və Ukraynanın Dövlət himnləri səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və hər iki ölkənin müstəqilliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Heydər Əliyevin həyat yolu və dövlətçilik fəaliyyəti haqqında sənədli film nümayiş olunub.
Xarkov Şəhər Şurasının departament direktoru Nikita Sterin Ulu Öndərin müasir, güclü və müstəqil Azərbaycan dövlətinin qurulmasında oynadığı müstəsna rolu vurğulayıb.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov çıxışında Azərbaycan və Ukrayna xalqları arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını və bu münasibətlərin təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu deyib.
Tədbir bədii hissə ilə davam edib.