TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar
Ankara, 13 iyun, AZƏRTAC
Milli Qurtuluş Günü Ümummilli Lider Heydər Əliyevin tarixi rolu ilə ayrılmaz surətdə bağlıdır. Məhz bu dahi şəxsiyyətin müdrik siyasəti Azərbaycan dövlətçiliyinin inkişafına və möhkəmlənməsinə yol açdı, Türkiyə-Azərbaycan müttəfiqliyinin təməlini qoydu.
Bu barədə AZƏRTAC-a Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Sərdar Ünsal bildirib.
O, Heydər Əliyevi “bütün Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri” adlandırıb və dahi siyasətçi ilə şəxsən tanış olmağından qürur duyduğunu bildirib.
“Azərbaycanın Ümummilli Lideri ölkəsinin müstəqilliyini qorumaq, dövlət qurumlarını gücləndirmək və doğma vətəninin iqtisadi inkişafını təmin etmək üçün həqiqətən tarixi addımlar atdı”, - deyə S. Ünsal vurğulayıb. O, Heydər Əliyevin təməlini qoyduğu möhkəm dövlətçilik ənənələrinin müasir Azərbaycanın nailiyyətlərinin açarı olduğunu və respublikanı regionda “parlaq ulduza” çevirdiyini qeyd edib.
“Heydər Əliyevin uzaqgörən kursu Azərbaycana əhəmiyyətli uğurlar qazanmağa, ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə imkan verdi. Bu gün Azərbaycan xalqını qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir və müasir Azərbaycan dövlətçiliyinin memarının xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik”, - deyə TADDEF-in sədr müavini sözünə davam edib. S. Ünsal qeyd edib ki, Heydər Əliyev Türkiyə ilə qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verirdi və onun “Bir millət, iki dövlət” kəlamı Ankara ilə Bakı arasında strateji müttəfiqliyin təməlini təşkil edir.
“Türkiyənin hər yerində olduğu kimi, İğdırda da Heydər Əliyevin xatirəsi sevgi və ehtiramla yad edilir. İğdır liseylərindən biri Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyır, həmçinin Heydər Əliyevin adını daşıyan park, İlham Əliyev Bulvarı, “Şuşa” uşaq bağçası və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Qarabağ” məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bütün bunlar qardaşlığımıza olan ehtiramın əlamətidir”, - deyə o bildirib.