Pakistanın xarici işlər naziri Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq
Bakı, 28 may, AZƏRTAC
Pakistanın xarici işlər naziri İshaq Dar Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq.
AZƏRTAC Pakistan XİN-in məlumatına istinadla xəbər verir ki, rəsmi açıqlamaya görə, xarici işlər naziri İshaq Dar cümə günü İslamabadın İran müharibəsinə son qoymaq üçün vasitəçilik səyləri çərçivəsində Vaşinqtona bir günlük rəsmi səfər edəcək. Hazırda Nyu-Yorkda olan və BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edən Dar ABŞ dövlət katibi Marko Rubio ilə görüşmək üçün Vaşinqtona gedəcək.
Görüş zamanı tərəflər ikitərəfli münasibətləri nəzərdən keçirəcək, “qarşılıqlı maraq doğuran regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparacaqlar”. Müzakirələr, həmçinin əsas prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsinə və Pakistanın dialoq və diplomatiya vasitəsilə regional sülhün və sabitliyin təşviq edilməsi səylərinə yönələcək.
Bəyanatda əlavə olunur ki, səfər Pakistanın ABŞ ilə uzunmüddətli və genişmiqyaslı tərəfdaşlığını daha da dərinləşdirmək öhdəliyini əks etdirir.
Baş nazir Şahbaz Şərifi müşayiət edən xarici işlər naziri Nyu-Yorka uçmazdan əvvəl Pekində Çinin Sədri Si Cinpin ilə görüşüb.