Kompüter və telefon ekranlarının gözlərə təsiri: Göz sağlamlığımızı necə qoruyaq? - Oftalmoloqdan tövsiyələr
Bakı, 21 sentyabr, AZƏRTAC
Müasir həyatı kompüter, planşet və smartfonlardan ayrı təsəvvür etmək demək olar ki, mümkün deyil. İş, təhsil, ünsiyyət və gündəlik fəaliyyətlərin böyük hissəsi artıq rəqəmsal ekranlarla əlaqəlidir. Lakin gün ərzində uzun müddət ekrana baxmaq gözlərdə müxtəlif narahatlıqlara səbəb ola bilər. Oftalmoloqa müraciət edən pasiyentlər arasında gözlərin tez yorulması, yanma və quruluq hissi, uzağa baxarkən görüntünün bulanıqlaşması və başağrısı kimi şikayətlərə son illərdə daha çox rast gəlinir.
Bu barədə AZƏRTAC-a açıqlamasında oftalmoloq Nigar İlyasova bildirib.
Nigar İlyasova qeyd edib ki, kompüter və telefon ekranlarından istifadə gözləri birbaşa “korlamır”. Əsas problem uzun müddət yaxın məsafəyə fokuslanmaq, ekran qarşısında göz qırpma tezliyinin azalması, düzgün olmayan işıqlandırma və fasiləsiz ekran istifadəsidir. Həkimin sözlərinə görə, ekrana diqqətlə baxarkən insanın göz qırpma tezliyi əhəmiyyətli dərəcədə azalır.
“Nəticədə gözyaşı təbəqəsi göz səthini əvvəlki qədər effektiv örtə bilmir və quruluq yaranır. Bu vəziyyət rəqəmsal göz yorğunluğu və ya kompüter görmə sindromu kimi tanınır. Gözlərdə yorğunluq, ağırlıq, quruluq, yanma, batma və yad cisim hissi, qızartı, işığa həssaslıq, müvəqqəti bulanıq görmə, fokuslanmada çətinlik, baş və göz ətrafında ağrı bu vəziyyətin ən çox rast gəlinən əlamətləridir. Uzun müddət yaxın məsafəyə baxdıqdan sonra uzağa baxarkən görüntünün qısa müddətə bulanıqlaşması da müşahidə oluna bilər. Bu simptomlar adətən funksional xarakter daşıyır və ekran qarşısında qalma müddəti azaldıldıqda, eləcə də düzgün istifadə qaydalarına əməl edildikdə azalır”, - deyə həkim qeyd edib.
Ekranın görməni zəiflədib-zəiflətmədiyinə gəlincə, Nigar İlyasova bildirib ki, ekrana baxmağın özü birbaşa və daimi görmə itkisinə səbəb olmur: “Lakin xüsusilə uşaqlarda və yeniyetmələrdə uzun müddət yaxın məsafədə fəaliyyət göstərmək və açıq havada kifayət qədər vaxt keçirməmək miyopiyanın inkişafı və proqressiyası ilə əlaqəli ola bilər. Buna görə uşaqlarda yalnız ekran müddətinin məhdudlaşdırılması deyil, gündəlik həyatda açıq havada keçirilən vaxtın artırılması da vacibdir”.
Oftalmoloq son illərdə geniş müzakirə olunan mavi işıq məsələsinə də toxunub. Onun sözlərinə görə, hazırda gündəlik ekran istifadəsinin insan gözündə qalıcı retinal zədələnmə yaratdığını göstərən kifayət qədər klinik sübut yoxdur.
“Bu səbəbdən ekranlardan qorunmaq üçün hər kəsin xüsusi mavi işıq filtrli eynəkdən istifadə etməsi tibbi baxımdan zəruri hesab edilmir. Bununla belə, axşam saatlarında uzun müddət ekran qarşısında qalmaq yuxu ritminə təsir göstərə bilər. Xüsusilə yatmazdan əvvəl ekran istifadəsinin məhdudlaşdırılması yuxu keyfiyyəti baxımından faydalıdır. Göz sağlamlığını qorumaq üçün isə bir sıra sadə qaydalara əməl etmək kifayətdir. Ekran qarşısında işləyərkən hər 20 dəqiqədən bir təxminən 20 saniyə ərzində ən azı 6 metr uzaqdakı obyektə baxmaq, yəni 20-20-20 qaydasına riayət etmək tövsiyə olunur. Bu, gözlərin yaxın məsafəyə uzun müddət fasiləsiz fokuslanmasının qarşısını almağa və yorğunluğu azaltmağa kömək edir. Ekrana baxarkən göz qırpma sayının azalması səbəbindən daha tez-tez göz qırpmağa çalışmaq da vacibdir. Göz quruluğu olan şəxslərdə isə oftalmoloqun müayinəsindən sonra uyğun gözyaşı əvəzedicilərindən istifadə edilə bilər.
Kompüter monitorunun təxminən qol məsafəsində yerləşdirilməsi və ekranın göz səviyyəsindən bir qədər aşağı olması daha rahat görmə şəraiti yaradır. Telefon və planşet də gözə həddindən artıq yaxın tutulmamalıdır. Ekranın parlaqlığı ətraf mühitin işıq səviyyəsinə uyğun seçilməli, qaranlıq otaqda parlaq ekrana baxmaqdan çəkinmək lazımdır. Telefonda çox kiçik yazıları oxumaq əvəzinə şrift ölçüsünü artırmaq və cihazı gözə yaxınlaşdırmamaq da gözlərin əlavə yüklənməsinin qarşısını almağa kömək edir”, - deyə Nigar İlyasova əlavə edib.
Müəllif – Pərvanə Qafarova