Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir
Bakı, 18 oktyabr, AZƏRTAC
1991-ci il oktyabrın 18-i Azərbaycanın müstəqilliyini yenidən elan edərək öz müqəddəratını təyin etmək iradəsini bütün dünyaya bəyan etdiyi gündür. Aradan keçən 35 il təkcə bir dövlətin qurulması tarixini deyil, göz yaşının ümidə, işğalın Zəfərə, əsarətin müstəqilliyə çevrildiyi böyük bir xalqın dirçəliş dastanını ifadə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk ekspert Mehmet Emir Aksoy bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanın uğur hekayəsi asanlıqla yazılmayıb. Bu hekayənin hər sətrində şəhidlərin qanı, anaların göz yaşları, yurdundan didərgin düşmüş insanların həsrəti və heç bir şəraitdə sönməyən Vətən sevgisi var.
Mehmet Emir Aksoy 1992-ci ildə Xocalıda yaşanan insanlıq faciəsinin Azərbaycan türklərinin yaddaşında sağalmayan bir yara olaraq qaldığını vurğulayıb.
Qarabağın işğalı nəticəsində çoxsaylı ailələrin evlərindən, torpaqlarından və xatirələrindən qoparıldığını bildirən ekspert Şuşanın nəğmələrinin susdurulmaq, Ağdamın daşlarının yaddaşlardan silinmək, Qarabağın ruhunun isə tarix səhnəsindən çıxarılmaq istənildiyini qeyd edib. Lakin bir həqiqətin unudulduğunu vurğulayan Aksoy bildirib ki, torpaqlar işğal oluna, şəhərlər dağıdıla bilər, amma bir xalqın müstəqillik iradəsini əsir almaq mümkün deyil.
"Azərbaycan yaşadığı ağrıları qəzəbə çevirmək əvəzinə, onları dövlətçilik iradəsinə yönəldib. Ordusunu gücləndirib, iqtisadiyyatını inkişaf etdirib, beynəlxalq əlaqələrini şaxələndirib və milli məqsədlərindən vaz keçməyib. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağda tarixi Zəfər qazanıb. 2023-cü ildə həyata keçirilən hərbi əməliyyatdan sonra isə Qarabağda suverenliyini yenidən bərpa edib.
Bununla da üçrəngli bayraq yenidən Vətən torpağında dalğalanıb. Bu Zəfər yalnız hərbi uğurun deyil, həm də səbrin, qətiyyətin, milli birliyin və güclü dövlət iradəsinin rəmzinə çevrilib.
Bu gün Azərbaycan artıq keçmişin ağrıları ilə xatırlanan ölkə olmaqdan çox-çox irəlidədir. Enerji potensialı, nəqliyyat dəhlizləri, diplomatik əlaqələri, iqtisadi inkişafı və Türk dünyası ilə dərinləşən bağları sayəsində Azərbaycan Cənubi Qafqazın ən nüfuzlu aktorlarından biridir. Xəzərin sahilində yüksələn müasir siması ilə Bakı Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Azərbaycan, eyni zamanda, Türk dünyasının inteqrasiya ideyasına mühüm töhfələr verir".
Türk ekspertin sözlərinə görə, Azərbaycana yalnız “Qafqazın parlayan ulduzu” demək, ölkənin keçdiyi dəyişiklikləri və əldə etdiyi nailiyyətləri ifadə etmək üçün kifayət etmir: "Azərbaycan həm də tarixindən güc alaraq gələcəyini quran bir xalqın iradə rəmzidir.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bu böyük hekayənin ayrılmaz hissəsidir. Türkiyə üçün Bakıda dalğalanan bayraq ortaq tarixin, dilin, mədəniyyətin və taleyin rəmzidir. Xocalının ağrısında, Qarabağın sevincində eyni ürəyin döyündüyünü bilən iki xalqıq.
35 il əvvəl müstəqilliyini yenidən elan edən Azərbaycan bu gün öz gücünə güvənən, regionda söz sahibi olan və gələcəyə inamla addımlayan dövlətdir. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Bir millət, iki dövlət – ortaq tarix, ortaq gələcək!”.