Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir
Bakı, 18 oktyabr, AZƏRTAC
Vahid geyim forması təhsil müəssisələrində, eləcə də dövlət və özəl təşkilatlarda daxili nizam-intizamın təmin olunmasında mühüm sosial, psixoloji və idarəetmə funksiyalarını yerinə yetirir. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi sosial bərabərliyin qorunmasına, şagirdlər arasında maddi imkan fərqlərinin ön plana çıxmasının qarşısının alınmasına və sağlam təlim-tərbiyə mühitinin formalaşmasına xidmət edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əmirli deyib.
O qeyd edib ki, vahid məktəbli forması müxtəlif maddi imkanlara malik şagirdlərin geyimlərinə görə fərqləndirilməsinin qarşısını almaqla onların psixoloji rahatlığına müsbət təsir göstərir: “Belə yanaşma şagirdlər və valideynlər arasında müqayisə və narahatlıq yarada biləcək halları azaldır, məktəb mühitində qarşılıqlı münasibətlərin daha sağlam əsaslar üzərində qurulmasına kömək edir”.
Dosentin sözlərinə görə, vahid geyim forması şagirdlərin diqqətinin xarici görünüşə aid detallardan daha çox dərsə və təlim prosesinə yönəlməsinə şərait yaradır: “Eyni zamanda, məktəbdə müəyyən edilmiş geyim qaydaları nizam-intizamın qorunmasına və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə də töhfə verir. Bu, təhsil müəssisəsinə daxil olan şəxslərin müəyyənləşdirilməsini asanlaşdıran amillərdən biri kimi çıxış edir. Vahid geyim yalnız xarici görünüşlə bağlı tələb deyil, həm də müəssisədaxili etika və mədəniyyətin, intizamın və idarəetmə prinsiplərinin ifadəsidir”.
O bildirib ki, dünyanın bir sıra ölkələrində vahid məktəbli formasının tətbiqi geniş yayılıb: “İngiltərə, Şotlandiya və Uelsdə məktəbli forması ənənəsi geniş yayılmış təcrübələrdəndir. Yaponiyada bir çox məktəbdə geyim qaydaları məktəb rəhbərliyi tərəfindən müəyyən edilir. Cənubi Koreya, Hindistan, Pakistan və Banqladeşdə də məktəbli formalarından istifadə olunur”.
Dosentin fikrincə, Azərbaycanda təhsil sahəsində geyim qaydalarının müəyyənləşdirilməsi qanunvericiliyin və müvafiq normativ hüquqi aktların tələbləri çərçivəsində həyata keçirilir: “Bu qaydalar ümumtəhsil müəssisələrində vahid təlim-tərbiyə mühitinin formalaşdırılması və məktəbdaxili intizamın qorunması baxımından əhəmiyyətlidir.
Vahid geyim formasının tətbiqi müəllim və şagirdlərin diqqətini təhsilin əsas məqsədlərinə yönəldən, məsuliyyət hissini gücləndirən və məktəb mühitində bərabərliyi təşviq edən mühüm vasitələrdən biridir”.
Müxbir -Tünzalə Arazlı