Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir
Ankara, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin bərpası gününü böyük qurur və sevinclə qeyd edirik. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq birgə gələcəyimizin təminatıdr.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Böyük Birlik Partiyasının (GUP) sədri Mustafa Destici Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə açıqlama verib.
Siyasətçi bildirib ki, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan xalqı bütün dünyaya müstəqillik iradəsinin sarsılmaz olduğunu nümayiş etdirib.
“Bütün təzyiqlərə və əzablara baxmayaraq, Azərbaycan vətəndaşları müstəqillik iradəsindən əl çəkməyiblər”, - deyən GUP lideri, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq təkcə ortaq tarixin və mədəniyyətin deyil, həm də ortaq gələcəyin təminatıdır.
“Bizim üçün Azərbaycanın müstəqilliyi təkcə qardaş dövlətin milli günü deyil, həm də bütün Türk dünyası üçün ortaq qürur mənbəyidir. Qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm; şəhidlərimizi rəhmətlə, qaziləri minnətdarlıqla yad edirəm. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun, bayrağı səmalarda daim dalğalansın”, - deyə Destici ifadə edib.